Türkiyə Orta Dəhlizin imkanlarını genişləndirəcək nəhəng dəmir yolu layihəsinə başlayır

Türkiyə Orta Dəhlizin imkanlarını genişləndirəcək nəhəng dəmir yolu layihəsinə başlayır

DÜNYA
234

Asiya İnkişaf Bankı (AİB) Türkiyədə 127 kilometrlik yeni dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi üçün 645,83 milyon avro (750 milyon ABŞ dolları) məbləğində kreditin ayrılmasını təsdiqləyib. Vəsait “İstanbul Şimal Dəmir Yolu Keçidi” (INRAIL) layihəsinin icrasına yönəldiləcək.

Fins.az AİB-in məlumatına əsasən xəbər verir ki, layihənin əsas məqsədi Türkiyənin Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da gücləndirmək, rəqabətqabiliyyətli və səmərəli dəmir yolu infrastrukturunun formalaşdırılmasına töhfə verməkdir.

Bildirilib ki, INRAIL layihəsi AİB və Dünya Bankı arasında tam qarşılıqlı etimad mexanizmi çərçivəsində birgə maliyyələşdirilir. Layihə Bosfor boğazı üzərindən, İstanbulun mərkəzi hissəsini yan keçən yüksək ötürücülük qabiliyyətinə malik yeni dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur.

Məlumata əsasən, yeni xətt iqtisadi fəallığın artmasına, özəl investisiyaların cəlbinə, yeni iş yerlərinin yaradılmasına və Türkiyənin logistika marşrutlarının təbii risklərə qarşı dayanıqlığının gücləndirilməsinə xidmət edəcək.

Layihə çərçivəsində inşa olunacaq ikixətli elektrikləşdirilmiş dəmir yolu xətti həm sərnişin, həm də yük daşımaları üçün istifadə ediləcək. Bunun təchizat zəncirində mövcud məhdudiyyətləri azaltmaqla logistika şirkətləri və sərnişinlər üçün nəqliyyat imkanlarını genişləndirəcəyi gözlənilir.

AİB qeyd edib ki, tam qarşılıqlı etimad mexanizmi layihələrin hazırlanması prosesini sürətləndirmək, prosedurların təkrarlanmasını azaltmaq və inkişaf maliyyələşdirilməsinin səmərəliliyini artırmaq məqsədilə yaradılmış birgə maliyyələşdirmə modelidir.

Bankın ayırdığı ilk kredit layihənin maliyyələşdirilməsinin bir hissəsini təşkil edir. Eyni həcmdə ikinci kreditin ayrılması məsələsinə 2028-ci ildə baxılması planlaşdırılır.

Layihənin maliyyələşdirilməsində AİB və Dünya Bankı ilə yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu da iştirak edir.

Layihənin ümumi dəyəri 8,27 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

AİB-in məlumatına görə, layihə bankın Türkiyə ilə 2025–2027-ci illər üzrə tərəfdaşlıq strategiyasına, həmçinin ölkənin 2024–2028-ci illəri əhatə edən On İkinci İnkişaf Planına və milli nəqliyyat-logistika strategiyasına uyğundur.

Qeyd edək ki, bu ilin aprel ayında Dünya Bankı da həmin layihənin maliyyələşdirilməsi üçün 2 milyard ABŞ dolları məbləğində kredit ayırmağı təsdiqləyib. Məlumata görə, bu qərar altı çoxtərəfli inkişaf bankının INRAIL layihəsinə ümumilikdə 6,75 milyard dollar həcmində maliyyə dəstəyi cəlb etmək istiqamətində birgə fəaliyyətinin tərkib hissəsidir.

Ekspertlər hesab edirlər ki, layihə Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin nəqliyyat imkanlarını genişləndirəcək və Türkiyənin regional logistika mərkəzi kimi əhəmiyyətini daha da artıracaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə Orta Dəhlizin imkanlarını genişləndirəcək nəhəng dəmir yolu layihəsinə başlayır — Fins.az — Fins.az