Türkiyə 500 min sosial mənzil layihəsini genişləndirir

Türkiyə 500 min sosial mənzil layihəsini genişləndirir

DÜNYA
241

Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə indiyədək 455 mindən çox bina inşa olunub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi: daha təhlükəsiz və davamlı şəhərlər üçün BMT həlləri” adlı konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, həyata keçirilən layihələr yalnız yaşayış evlərinin tikintisini əhatə etmir. Hasan Suver bildirib ki, zəlzələ bölgələrində inşa olunan yaşayış məkanlarında infrastruktur, sosial obyektlər, yaşıl zonalar, enerji səmərəliliyi və ekoloji davamlılıq prinsipləri də nəzərə alınır.

Nazir müavini qeyd edib ki, şəhər dayanıqlılığının artırılmasında maliyyə alətləri mühüm rol oynayır. Bu çərçivədə Türkiyənin 81 vilayətində 500 min sosial mənzilin və İstanbulda əlavə 100 min mənzilin tikintisini nəzərdə tutan sosial mənzil təşəbbüsü həyata keçirilir.

Hasan Suver vurğulayıb ki, layihənin əsas məqsədi vətəndaşların təhlükəsiz və əlçatan mənzil imkanlarına çıxışını genişləndirməkdir.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş tədbirlərlə davam edir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyi ilə bağlı nazirlər görüşü, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı mövzularında müzakirələr aparılıb. Eyni zamanda BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

İkinci gün ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli sessiyalar keçirilib, həmçinin Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub.

WUF13-ün üçüncü günü isə təhlükəsiz və inklüziv şəhərlər, iqlim dayanıqlılığı, yaşıl urbanizasiya, süni intellekt və dayanıqlı nəqliyyat kimi mövzular üzrə müzakirələrlə yadda qalıb.

182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı WUF13 mayın 22-dək davam edir və dayanıqlı şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə 500 min sosial mənzil layihəsini genişləndirir — Fins.az — Fins.az