Turizm gəlirlərinə həddindən artıq fokuslanmaq doğru deyil - Dünya Bankının sabiq vitse-prezidenti

Turizm gəlirlərinə həddindən artıq fokuslanmaq doğru deyil - Dünya Bankının sabiq vitse-prezidenti

DÜNYA
347

Mədəni irsin qorunması və tarixi şəhərlərin yenilənməsi prosesində yerli icmaların iştirakı əsas prioritetlərdən biri olmalıdır.

Fins.az xəbər verir ki, bunu İsgəndəriyyə Kitabxanasının təsisçisi, Dünya Bankının sabiq vitse-prezidenti, mədəniyyət üzrə ekspert İsmail Serageldin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan şəhərlərdə tarixi məkanların qorunması məsələsinə yanaşarkən ilk növbədə bir sıra fundamental suallara cavab verilməlidir.

“Nəyi, necə, kimin üçün saxlamalıyıq və nəyi mühafizə edirik? Tarixi yerləri, bütün binaları, yoxsa bütövlükdə şəhərin xarakterini?” – deyə Serageldin qeyd edib.

Ekspert vurğulayıb ki, konservasiya siyasəti gələcək sakinlər, turistlər və beynəlxalq ictimaiyyət nəzərə alınmaqla həyata keçirilməlidir. Onun fikrincə, bu prosesdə fiziki, iqtisadi, sosial və ekoloji faktorların balanslı şəkildə qiymətləndirilməsi vacibdir.

“Bu elementlərin xarakterini qorumaq çox vacibdir. İnsanların interaktivliyini qoruyub saxlamaqla bunu həyata keçirməyi bacarmalıyıq. Yerli icmaları və özəl investorları cəlb etmək lazımdır. Yerli insanların didərgin düşməsini minimuma endirmək vacibdir”, – deyə o bildirib.

İsmail Serageldin qeyd edib ki, xərc və faydalılıq analizinə həddindən artıq bağlılıq bəzən mədəni irsin qorunması sahəsində yanlış qərarlara səbəb olur.

“Məsələn, turistlərdən əldə olunan gəlirə həddindən artıq fokuslanmaq yaxşı nəticə vermir. Ona görə də xüsusi konseptual çərçivə olmalıdır. Mədəni irsin genişləndirilməsi, eyni zamanda yerli icmanın prosesə daxil edilməsi məsələsi həll edilməlidir”, – deyə o vurğulayıb.

O əlavə edib ki, mədəni irsin müasir şəhər inkişafı ilə inteqrasiyası mümkündür və tarixi şəhərlərin qorunması üçün kifayət qədər imkanlar mövcuddur.

“Tarixi şəhərləri qorumağa qadirdik”, – deyə Serageldin bildirib.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 çərçivəsində urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mədəni irsin qorunması və dayanıqlı idarəetmə ilə bağlı çoxsaylı panel və müzakirələr təşkil olunur. Forumda 182 ölkədən 40 mindən çox iştirakçı iştirak edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Turizm gəlirlərinə həddindən artıq fokuslanmaq doğru deyil - Dünya Bankının sabiq vitse-prezidenti — Fins.az — Fins.az