
Tramp 1,8 milyard dollarlıq fondla bağlı qərarını yenidən nəzərdən keçirir
Fins.az - ABŞ Prezidenti Donald Trump 1,8 milyard dollar həcmində kompensasiya fondunun yaradılması ilə bağlı qərarını yenidən nəzərdən keçirir.
Bu barədə məlumatı AP agentliyi vəziyyətlə tanış mənbələrə istinadən yayıb.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi fondun fəaliyyətinin federal məhkəmənin qərarı əsasında müvəqqəti olaraq dayandırıldığını açıqlamışdı.
Fond Trampın ABŞ Vergi Xidmətinə (IRS) qarşı qaldırdığı iddianın tənzimlənməsi çərçivəsində yaradılmışdı. İddia Trampın vergi bəyannamələrinin sızdırılması ilə bağlı idi. Təşəbbüsə əsasən, əvvəlki Ədliyyə Nazirliyi rəhbərliyi dövründə qanunsuz məhkəmə təqiblərinə məruz qaldığı iddia edilən şəxslərə kompensasiya ödənilməsi nəzərdə tutulurdu.
Lakin layihə Konqresdəki respublikaçılar arasında ciddi narahatlıq yaradıb. Tənqidçilər fond üzərində kifayət qədər nəzarət mexanizmlərinin olmadığını və ödənişlərin 2021-ci il yanvarın 6-da Kapitoli binasında baş verən iğtişaşların iştirakçılarına da yönələ biləcəyini bildirirlər.
Məsələ ilə tanış olan mənbənin sözlərinə görə, Tramp artan siyasi təzyiqlər fonunda təşəbbüsün gələcək taleyi ilə bağlı geri addım atmağı nəzərdən keçirir.
Respublikaçı senator James Lankford administrasiyanı fondun ləğv ediləcəyini açıq şəkildə elan etməyə çağırıb. Senatda respublikaçıların lideri John Thune isə Ağ Evin təşəbbüsdən öz təşəbbüsü ilə imtina edəcəyinə ümid etdiyini bildirib.
ABŞ Ədliyyə Nazirliyi federal hakim Leonie Brinkema tərəfindən verilən və fondun icrasını müvəqqəti dayandıran qərara əməl olunacağını açıqlayıb. Qadağanın uzadılıb-uzadılmaması ilə bağlı növbəti məhkəmə iclası iyunun 12-nə təyin edilib.
Bundan əlavə, Florida ştatında federal hakim Trampın vəkillərinə iyunun 12-dək yazılı izahat təqdim etməyi tapşırıb. Tənqidçilər hesab edirlər ki, prezident sövdələşmənin şərtlərinin məhkəmə tərəfindən araşdırılmasının qarşısını almaq üçün Vergi Xidmətinə qarşı bəzi iddialarından imtina edib.