Şəhər transformasiyasında sistemli yanaşma vacibdir - UN-Habitat

Şəhər transformasiyasında sistemli yanaşma vacibdir - UN-Habitat

DÜNYA
396

Şəhərin transformasiyası sahəsində mövcud problemlərin və boşluqların çoxluğu bu istiqamətdə sistemli yanaşmanın vacibliyini gündəmə gətirir.

Fins.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şəhərsalma siyasətində mövcud çətinliklərin aradan qaldırılması əsas prioritetlərdən biri olmalıdır. Rossbax qeyd edib ki, gələcəyin şəhərlərinə dair müzakirələr yalnız perspektivə yönəlməməli, eyni zamanda keçmişin təcrübəsi və tarixi şəhər inkişafından çıxarılan dərslər də nəzərə alınmalıdır.

UN-Habitat icraçı direktoru vurğulayıb ki, dayanıqlı şəhər modeli müasir yanaşmalarla tarixi kontekstin balanslı şəkildə uzlaşdırılmasına əsaslanır. Onun fikrincə, bu yanaşma olmadan şəhərlərin davamlı inkişafını təmin etmək mümkün deyil.

O əlavə edib ki, BMT bu istiqamətdə vahid sistem kimi fəaliyyət göstərməli, üzv dövlətlər arasında koordinasiyanı gücləndirməli və şəhər transformasiyası prosesində inklüziv, ədalətli və dayanıqlı yanaşmaların tətbiqinə dəstək verməlidir.

Rossbax həmçinin bildirib ki, mədəni irs şəhər inkişafında ayrıca bir istiqamət kimi nəzərə alınmalıdır. Onun sözlərinə görə, mədəni irsin qorunması yalnız keçmişin saxlanılması deyil, həm də gələcək şəhərlərin kimliyinin formalaşması deməkdir.

Qeyd edək ki, Bakıda WUF13-ün dördüncü günü müxtəlif tematik sessiyalarla davam edir. Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunan nazirlər toplantısı, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı üzrə müzakirələr keçirilib.

İkinci gün isə ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığına dair yüksək səviyyəli müzakirələr aparılıb, həmçinin Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub.

WUF13-ün üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlər, iqlim dayanıqlılığı, süni intellektin şəhər idarəçiliyində rolu, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələrlə yadda qalıb.

Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Eyni zamanda, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” təşkil olunub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edir. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum qlobal əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şəhər transformasiyasında sistemli yanaşma vacibdir - UN-Habitat — Fins.az — Fins.az