Şəhər siyasətində idman rolu artır: 10 milyard dollarlıq investisiya planı açıqlanıb

Şəhər siyasətində idman rolu artır: 10 milyard dollarlıq investisiya planı açıqlanıb

DÜNYA
361

Fins.az - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhərlər üçün idman və şəhər gələcəyi” mövzusunda çıxış edən Kosta Rikanın sabiq prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin BMT-dəki daimi müşahidəçisi Laura Çinçilla bildirib ki, idmanın şəhər siyasətinə və planlaşdırmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir, təhlükəsiz və inklüziv ictimai məkanların formalaşmasına töhfə verir.

O qeyd edib ki, hazırda dünyada mövcud problemlər ən çox sıx şəhər mühitlərində özünü göstərir. Onun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır və bu səbəbdən urbanizasiya ilə bağlı çağırışlara qarşı operativ tədbirlər görülməsi vacibdir.

“Sürətli və birgə fəaliyyət zəruridir. İdman isə sosial, iqtisadi və ekoloji sahələrdə tərəqqini sürətləndirən aşağı xərcli, lakin yüksək təsirə malik vasitə kimi artıq özünü təsdiqləyib”, – deyə o bildirib.

Laura Çinçilla vurğulayıb ki, bu yanaşma BMT-nin 2030 Gündəliyi, “Gələcək üçün Pakt” və Doha Bəyannaməsi kimi beynəlxalq sənədlərdə də öz əksini tapıb. Onun sözlərinə görə, üzv dövlətlər idmanın inkişaf, sosial həmrəylik və ictimai rifah baxımından rolunu dəfələrlə təsdiqləyiblər.

O bildirib ki, Dayanıqlı İnkişaf üçün İdman vasitəsilə İnkişaf Banklarının Koalisiyası 2030-cu ilə qədər icma əsaslı, inklüziv və dayanıqlı idman infrastrukturu layihələrinə 10 milyard ABŞ dolları həcmində investisiya yatırmağı öhdəsinə götürüb.

Çinçilla qeyd edib ki, UN-Habitat ilə birgə şəhərlərdə Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması istiqamətində fəaliyyət aparılır və bu çərçivədə dörd əsas istiqamət müəyyənləşdirilib. Bunlara idman siyasətinin şəhər planlaşdırılmasına inteqrasiyası, genişmiqyaslı maarifləndirmə kampaniyaları, yerli idarəetmə orqanlarının potensialının gücləndirilməsi və yüksək təsirli idman infrastrukturu layihələrinin hazırlanması daxildir.

O əlavə edib ki, idmanın şəhər siyasətinə inteqrasiyası yerli biznesin inkişafına, iqtisadi fəallığın artmasına və gənclərin sosial proseslərə daha fəal qoşulmasına da müsbət təsir göstərir.

Sabiq prezident həmçinin bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin Qaçqınlar Fondu tərəfindən hazırlanan “Şəhərlər: İdman və İnklüzivlik” siyasəti çərçivəsində idman köçkün icmaların şəhər mühitinə inteqrasiyasında mühüm vasitə kimi qiymətləndirilir.

Qeyd edək ki, WUF13 mayın 22-dək Bakıda davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şəhər siyasətində idman rolu artır: 10 milyard dollarlıq investisiya planı açıqlanıb — Fins.az — Fins.az