
Portuqaliyada ümumxalq tətili keçiriləcək
Fins.az - Portuqaliyada əmək qanunvericiliyinə təklif edilən dəyişikliklərə etiraz olaraq ümumxalq tətili keçiriləcək.
Tətil aksiyası ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunub.
Etirazların əsas səbəbi hökumətin Əmək Məcəlləsinə 100-dən çox dəyişiklik nəzərdə tutan və Nazirlər Şurası tərəfindən təsdiqlənmiş “Work XXI” islahat paketidir.
Aksiya çərçivəsində nəqliyyat, səhiyyə, təhsil, dövlət idarəçiliyi və sənaye sahələrində çalışan minlərlə işçinin işə çıxmaması gözlənilir.
Xüsusilə nəqliyyat sektorunda ciddi məhdudiyyətlərin yaranacağı bildirilir. Lissabon və Porto şəhərlərində metro xidmətlərinin fəaliyyətinin dayandırılması, həmçinin bir sıra dəmir yolu reyslərinin ləğv olunması gözlənilir.
Həmkarlar ittifaqları hesab edirlər ki, təklif olunan dəyişikliklər işçilərin hüquqlarına mənfi təsir göstərə bilər. Hökumət isə islahatların əmək bazarının müasirləşdirilməsinə xidmət etdiyini bildirir.