
Özbəkistanda məkan planlaşdırması və investisiya sistemləri uyğunlaşdırılır - Dünya Bankı
Özbəkistan son illərdə yüksək mərkəzləşdirilmiş planlaşdırma sistemindən uzaqlaşaraq şəhər idarəçiliyində daha koordinasiyalı və inteqrasiya olunmuş yanaşmanın formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirir.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının Özbəkistan üzrə nümayəndəsi Məhəmməd Nader Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üzrə dərslər” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, uzun müddət ölkədə məkan planlaşdırması ilə iqtisadi və investisiya planları arasında ciddi uyğunsuzluqlar mövcud olub. Eyni zamanda, planlaşdırma və icra strukturları arasında koordinasiyanın zəif olması qərarvermə prosesinə mənfi təsir göstərib.
Məhəmməd Nader qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün Özbəkistanda genişmiqyaslı islahat proqramı icra olunur və artıq milli, regional və rayon səviyyəsində planlaşdırma paralel şəkildə həyata keçirilir.
Onun açıqlamasına görə, hazırda ölkədə milli plan hazırlanıb, regionlar üzrə planlar tətbiq edilib, həmçinin 208 rayondan 35-i üzrə rayon planlaşdırma sənədləri hazırlanır. Gələn il əlavə 17 rayonun da bu prosesə daxil edilməsi nəzərdə tutulur.
Dünya Bankı rəsmisi vurğulayıb ki, əsas məqsəd milli, regional və yerli planların bir-biri ilə tam uyğunlaşdırılmasıdır. Bu yanaşma investisiya qərarlarının daha səmərəli və koordinasiyalı şəkildə qəbul edilməsinə imkan yaradacaq.
O, həmçinin ölkədə milli məkan məlumat infrastrukturunun yaradıldığını bildirib. Onun sözlərinə görə, bu sistem dövlət qurumlarının bütün məlumatlarını vahid geo-məlumat platformasında birləşdirəcək və qərar qəbul edən şəxslərə daha dəqiq investisiya qərarları verməyə imkan yaradacaq.
Məhəmməd Nader qeyd edib ki, Özbəkistanda aparılan islahatların tempi olduqca yüksəkdir və proses dinamik şəkildə davam edir. Onun sözlərinə görə, bir çox ölkələrdə sürətin artırılması tövsiyə olunsa da, Özbəkistanda bəzən proseslərin daha balanslı idarə olunması üçün tempin bir qədər tənzimlənməsi belə müzakirə olunur.
Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü şəhər planlaşdırması, inklüziv inkişaf, iqlim dəyişiklikləri və mənzil siyasəti kimi mövzulara həsr olunub. Forum 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edəcək.