Mərkəzi Asiyada dağlıq ərazilər üçün yeni inkişaf modeli təklif edilib - Boriy Əlixanov

Mərkəzi Asiyada dağlıq ərazilər üçün yeni inkişaf modeli təklif edilib - Boriy Əlixanov

DÜNYA
338

Son onilliklərdə insanların su, ərzaq, rahat yaşayış şəraiti və iqtisadi ehtiyaclarının sürətlə artması Yer kürəsinin təbii resurslarına ciddi təzyiq göstərir və onların tükənməsi riskini artırır.

Fins.az xəbər verir ki, bu barədə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Sahibkarlıq, Rəqabətin İnkişafı və Sənaye Komitəsinin üzvü Boriy Əlixanov WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Mərkəzi Asiya regionunda, o cümlədən Özbəkistanda iqlim ildən-ilə daha quraq və isti xarakter alır.

Boriy Əlixanovun sözlərinə görə, bölgədə güclü toz fırtınalarının və qar çovğunlarının sayı artır, anomal iqlim dəyişiklikləri isə həssas dağ ekosistemlərinə ciddi təsir göstərir.

Komitə üzvü qeyd edib ki, dağ və dağətəyi ərazilərdə həddindən artıq mal-qara otarılması torpaq deqradasiyasına səbəb olur, meşə sahələrinin azalması isə sürüşmə risklərini artırır.

Onun fikrincə, bütün bu proseslər biomüxtəlifliyin zəifləməsinə və dağ ekosistemlərinin biokütləsinin azalmasına gətirib çıxarır.

Boriy Əlixanov bildirib ki, dağ yaşayış məntəqələrinin gələcək inkişafı əsasən iki amildən – iqlim dəyişiklikləri və insanın təsərrüfat fəaliyyəti faktorundan asılıdır.

O qeyd edib ki, bu səbəbdən dağların təbii resurslarından qısa və orta müddətli istifadəyə dair proqnozların hazırlanması vacibdir və bu zaman iqlimin ətraf mühitə təsiri mütləq nəzərə alınmalıdır.

Özbəkistanlı deputat əlavə edib ki, bəzi ölkələrdə dağ yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri dövlətin sosial-iqtisadi və hüquqi siyasət sənədlərində yalnız qismən əks olunur.

Onun sözlərinə görə, bu vəziyyət regionlarda proqramların icrası zamanı problemlər yaradır və əsasən düzənlik ərazilər üçün hazırlanmış inkişaf modellərinin dağlıq zonalarda effektiv nəticə verməməsinə səbəb olur.

Boriy Əlixanov dağ ekosistemlərinin qorunması və təbii potensialdan səmərəli istifadənin təmin olunması məqsədilə Mərkəzi Asiya və Qafqaz regionları üçün dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafına dair tipik modelin hazırlanmasını təklif edib.

Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) urbanizasiya, iqlim dəyişiklikləri, yaşıl inkişaf və dayanıqlı şəhərsalma məsələlərinə həsr olunub.

182 ölkədən 40 mindən artıq iştirakçının qatıldığı forum mayın 22-dək davam edəcək. Tədbir çərçivəsində qlobal mənzil böhranı, iqlim dayanıqlılığı, yaşıl urbanizasiya, rəqəmsal texnologiyalar və regional inkişaf mövzuları ətrafında geniş müzakirələr aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Asiyada dağlıq ərazilər üçün yeni inkişaf modeli təklif edilib - Boriy Əlixanov — Fins.az — Fins.az