Mərkəzi Asiya şəhər inkişafı üçün yeni maliyyə modellərinə ehtiyac var - Dünya Bankı

Mərkəzi Asiya şəhər inkişafı üçün yeni maliyyə modellərinə ehtiyac var - Dünya Bankı

DÜNYA
184

Mərkəzi Asiya ölkələri şəhər inkişafı nəticəsində yaranan torpaq və əmlak dəyərinin artımından gəlir əldə etmə mexanizmlərini inkişaf etdirməlidir.

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının Özbəkistan üzrə nümayəndəsi Məhəmməd Nader Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üzrə dərslər” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şəhər inkişafının maliyyələşdirilməsi bir çox ölkələr üçün əsas çətinliklərdən biri olaraq qalır və mövcud planlar çox vaxt icra mərhələsində maliyyə çatışmazlığı ilə üzləşir.

Məhəmməd Nader qeyd edib ki, bir çox hallarda yaxşı planlar hazırlanmasına baxmayaraq, onların necə maliyyələşdiriləcəyi ilə bağlı mexanizmlər yetərli olmur. Bu səbəbdən şəhər inkişafının maliyyələşdirilməsi üçün innovativ yanaşmaların tətbiqi zəruri hesab olunur.

Dünya Bankı rəsmisi bildirib ki, hazırda özəl sektor şəhərsalma proseslərində daha fəal rol oynamağa başlayır. Onun sözlərinə görə, dövlət və özəl sektor arasında vəzifə bölgüsü aydın müəyyən edilməlidir ki, investisiya mühiti daha effektiv işləsin.

Məhəmməd Nader vurğulayıb ki, Latın Amerikası ölkələrinin təcrübəsi Mərkəzi Asiya üçün mühüm nümunə ola bilər. Xüsusilə Kolumbiya, Braziliya və digər ölkələrdə torpaq dəyərinin artımından gəlir əldə etməyə imkan verən müxtəlif mexanizmlər tətbiq olunur.

Onun sözlərinə görə, bu alətlərə hava hüquqları, əlavə dəyər ödənişləri və inkişaf etdirici ödənişləri kimi modellər daxildir və bu təcrübələr şəhər maliyyələşdirilməsində effektiv nəticələr göstərir.

Məhəmməd Nader əlavə edib ki, Mərkəzi Asiya ölkələrində bu mexanizmlər hələ geniş tətbiq olunmayıb. O bildirib ki, dövlət və yerli idarəetmə orqanları şəhər inkişafı nəticəsində yaranan dəyər artımından necə gəlir əldə edilə biləcəyini daha aktiv şəkildə qiymətləndirməlidir.

Onun sözlərinə görə, əldə olunan gəlirlərin yenidən şəhər infrastrukturuna yönəldilməsi dayanıqlı şəhər inkişafını sürətləndirə bilər.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü şəhərsalma, inklüziv inkişaf, mənzil siyasəti və iqlim dəyişiklikləri kimi mövzulara həsr olunub. Forum 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Asiya şəhər inkişafı üçün yeni maliyyə modellərinə ehtiyac var - Dünya Bankı — Fins.az — Fins.az