
Mənzil sosial tələbat kimi qiymətləndirilməlidir - Mədinə şəhərinin meri
Mənzilə sosial tələbat kimi yanaşılması və məlumatlara əsaslanan şəffaf investisiya sisteminin qurulması şəhərlərin dayanıqlı inkişafı üçün əsas şərtlərdən biri hesab olunur.
Fins.az xəbər verir ki, bunu Mədinə şəhərinin meri və Mədinə Bölgəsinin İnkişafı İdarəsinin rəhbəri, mühəndis Fahad Albuliheşi Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan “İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə” mövzusunda panel sessiyada deyib.
Onun sözlərinə görə, mənzil yalnız infrastruktur obyekti deyil, sosial zərurət kimi qiymətləndirilməlidir.
“Biz mənzilə sadəcə infrastruktur obyekti kimi deyil, sosial zərurət kimi baxırıq və məhz buna görə şəffaf və məlumatlara əsaslanan investisiya sistemi qururuq”, — deyə o bildirib.
F.Albuliheşi qeyd edib ki, real nəticələr əldə etmək üçün dövlət qurumları, beynəlxalq investorlar və məlumat analitikləri arasında vahid əməkdaşlıq yanaşması formalaşdırılmalıdır.
O vurğulayıb ki, Mədinədə ekspertlərin cəlb olunması və müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində şəffaf və etibarlı idarəetmə sistemi qurmaq mümkün olub.
Qeyd edək ki, Bakıda keçirilən WUF13 forumunda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə məsələləri geniş müzakirə edilir.