Mənzil problemi qlobal səviyyədə ciddi sosial böhran yaradır - Anaklaudia Rossbax

Mənzil problemi qlobal səviyyədə ciddi sosial böhran yaradır - Anaklaudia Rossbax

DÜNYA
291

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)-nin icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası” mövzusunda tədbirdə çıxış edib.

Fins.az xəbər verir ki, o, çıxışı zamanı şəxsi təcrübəsinə toxunaraq Braziliyada gecəqonduda yaşadığını və həyatının bir dövrünü bu istiqamətdə problemlərin həllinə həsr etdiyini bildirib.

Onun sözlərinə görə, Afrikada və Cənubi Asiyada milyonlarla insan gecəqondu problemi ilə üz-üzə qalır və bu yaşayış məntəqələrində əsas infrastruktur xidmətlərinin — tualet, işıq və qaz kimi imkanların — çatışmazlığı ciddi sosial problemlər yaradır.

UN-Habitat rəhbəri qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələri ilə sağlamlıq problemləri və iqlim dəyişikliyi arasında birbaşa əlaqə mövcuddur. O, dünyada dörd milyondan çox insanın gecəqondularda yaşadığını və mövcud vəziyyətin kritik xarakter daşıdığını vurğulayıb.

Rossbaxın sözlərinə görə, gecəqondu probleminin həlli üçün yalnız dövlət siyasəti kifayət etmir və bu istiqamətdə inteqrasiya olunmuş, kompleks yanaşma tələb olunur. O, həmçinin Azərbaycanın Somaliyə bu sahədə dəstək göstərdiyini və gecəqondu ərazilərinin yaşayış məntəqələrinə çevrilməsi istiqamətində işlərin aparıldığını qeyd edib.

Bakıda keçirilən WUF13-ün dördüncü günü çərçivəsində forumun müxtəlif sessiyaları davam edib. Tədbirin ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr keçirilib.

Forumun ikinci günündə ilk dəfə təşkil olunan Liderlər Sammiti çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığı müzakirə olunub. Həmin gün Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub.

Üçüncü gün isə iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələrlə yadda qalıb. Həmçinin Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumunun imzalanması və ilk dəfə təşkil olunan WUF13 NGO Forum diqqət çəkib.

Qeyd edək ki, 182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mənzil problemi qlobal səviyyədə ciddi sosial böhran yaradır - Anaklaudia Rossbax — Fins.az — Fins.az