
Mənzil məsələsi Avropada sosial ədalət problemi kimi qiymətləndirilir - Dan Yorgensen
Mənzil hər bir insanın fundamental hüququnun təmin olunması ilə bağlı əsas sosial və hüquqi məsələlərdən biridir.
Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Enerji məsələləri üzrə ali komissarı Dan Yorgensen Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq zamanı videomüraciətində bildirib.
O qeyd edib ki, Avropada mənzil ləyaqət, sosial ədalət və fundamental hüquqlar kontekstində qiymətləndirilir, lakin bir çox insan üçün bu hüquq hələ də əlçatan deyil.
Dan Yorgensen bildirib ki, mövcud mənzil böhranı yalnız yaşayış sahəsi ilə məhdudlaşmır və daha geniş sosial-iqtisadi nəticələrə səbəb olur. Onun sözlərinə görə, bu vəziyyət cəmiyyətin birliyini zəiflədir, əmək bazarında mobilliyi azaldır və təhsil imkanlarına mənfi təsir göstərir.
Avrokomissar vurğulayıb ki, böhran həm də demoqrafik proseslərə təsir edir, çünki bir çox gənc ailə qurmaq və müstəqil yaşayışa başlamaq imkanından məhrum qalır.
O əlavə edib ki, xüsusilə gənclər, əsas xidmət sahələrində çalışanlar və həssas sosial qruplar mənzil böhranından daha çox zərər görür. Kirayə qiymətlərinin artması və sosial mənzilə çıxışın məhdudlaşması isə evsizlik riskini artırır.
Qeyd edək ki, WUF13-ün üçüncü günü bu gün Bakıda keçirilir. Forum çərçivəsində qlobal mənzil böhranı, şəhərsalma siyasəti və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.
WUF13 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatı ilə mayın 22-dək davam edir və şəhərlərin dayanıqlı inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.