
Mənzil böhranı qlobal miqyasda milyonlarla insanı təsir edir - BMT rəsmisi
Siyasi iradə və birgə fəaliyyət mövcud olduğu halda dünyanın istənilən regionunda insanlar üçün dayanıqlı mənzil həllərinin yaradılması mümkündür.
Fins.az xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq zamanı videomüraciətində bildirib.
O qeyd edib ki, hazırda milyardlarla insan təhlükəli və sağlamlıq üçün riskli şəraitdə olan mənzillərdə yaşayır və qlobal miqyasda evsizlik problemi artmaqdadır. Onun sözlərinə görə, bütün qitələrdə şəhərlərdə insanlar məcburi köçürülmələrlə, artan yaşayış xərcləri və əlçatan mənzil çatışmazlığı ilə üzləşirlər.
Folker Türk vurğulayıb ki, mənzil böhranı xüsusilə yoxsulluq şəraitində yaşayan insanlar və qadınlar da daxil olmaqla marjinallaşmış qrupları daha çox təsir edir. O bildirib ki, bərabərsizlik həm ölkələr daxilində, həm də ölkələr arasında dərinləşməkdə davam edir.
BMT rəsmisi əlavə edib ki, iqlim böhranı, genişmiqyaslı inkişaf layihələri və münaqişələr milyonlarla insanın evlərini tərk etməsinə və qeyri-sabit şəraitdə yaşamasına səbəb olur.
Onun sözlərinə görə, mövcud problemlərə baxmayaraq, beynəlxalq ictimaiyyətin həmrəylik, innovativ həllər və insan hüquqlarına əsaslanan yanaşmalarla bu çağırışlara cavab vermək imkanları mövcuddur.
Ali komissar bəzi şəhərlərin artıq insan mərkəzli siyasətlər sayəsində mühüm irəliləyişlər əldə etdiyini də qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir. Forum çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr davam edir.
WUF13 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatı ilə mayın 22-dək davam edəcək və şəhərlərin dayanıqlı inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.