
Liviya sahillərində miqrant faciəsi: ölənlər və itkin düşənlər var
Fins.az - Liviya sahillərində növbəti miqrant faciəsi baş verib. Tobruk şəhəri yaxınlığında dənizdə azı 17 nəfərin meyiti aşkarlanıb, 9 nəfərin isə itkin düşdüyü bildirilir.
Liviya Qızıl Aypara Cəmiyyətinin və təhlükəsizlik qurumlarının məlumatına görə, nasaz vəziyyətdə olan qayıqda ümumilikdə 8 gün dənizdə qalan miqrantlardan 7 nəfər xilas edilib. Xilasetmə əməliyyatlarına sahil mühafizəsi və hərbi-dəniz qüvvələri cəlb olunub.
Eyni zamanda ölkədə insan alveri şəbəkələrinə qarşı əməliyyatlar davam etdirilir. Tripoli məhkəməsi qərb bölgəsində fəaliyyət göstərən cinayətkar dəstənin 4 üzvünü insan alveri, adam oğurluğu və işgəncə ittihamları ilə təqsirli bilib və onlara uzunmüddətli həbs cəzaları verib.
Hadisə bir daha Aralıq dənizinin miqrantlar üçün ən təhlükəli marşrutlardan biri olduğunu göstərir.