
KƏŞ ölkələri nəqliyyat-logistika layihələrini sürətləndirmək qərarı verib
Fins.az - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr birgə dəmir yolu və logistika layihələrinin sürətləndirilməsi ilə bağlı qərar qəbul ediblər.
Bu mövqe Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Körfəz Məşvərət Sammitinin 19-cu iclasının yekun bəyanatında öz əksini tapıb.
Bəyanatda həmçinin Hörmüz boğazından keçən gəmilərə hər hansı rüsumun tətbiqi ideyası rədd edilib və gəmiçiliyin məhdudlaşdırılması ilə bağlı addımlar qətiyyətlə pislənib. Tərəflər sərbəst naviqasiyanın bərpasının vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, regionda baş verən münaqişə nəticəsində qlobal enerji təchizatının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında hərəkət ciddi şəkildə məhdudlaşıb. Bu isə dünya bazarlarında qiymət artımını və inflyasiya risklərini artırıb.
Mövcud vəziyyət fonunda bəzi Körfəz ölkələri neft hasilatını azaltmağa məcbur qalıb və alternativ nəqliyyat-logistika marşrutlarının inkişafı daha da aktuallaşıb.