Hörmüz boğazı və tariflər qlobal ticarəti sarsıdır – ÜTT

Hörmüz boğazı və tariflər qlobal ticarəti sarsıdır – ÜTT

DÜNYA
451

Qlobal ticarət sistemi son 80 ilin ən ciddi böhranı ilə üz-üzə qalıb. ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tarif tədbirləri və Hörmüz boğazı ətrafında artan risklər beynəlxalq ticarət axınlarına ciddi təsir göstərir.

Fins.az xəbər verir ki, bu fikirləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala NHK televiziyasına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, ABŞ-nin tarif siyasəti və digər ölkələrin buna cavab olaraq atdığı addımlar qlobal ticarət sistemində ciddi gərginlik yaradıb.

“Qlobal ticarət sistemi son 80 ilin ən ağır böhranı ilə üzləşir. ABŞ-nin tarif tədbirlərinin təsirini görürük və digər üzv dövlətlər də müxtəlif addımlar atırlar”, – deyə ÜTT rəhbəri bildirib.

Nqozi Okonjo-İveala Hörmüz boğazının bağlanması ehtimalının xüsusilə Şərqi Asiya ölkələri üçün ciddi iqtisadi və enerji təhlükələri yarada biləcəyini də vurğulayıb.

Onun sözlərinə görə, qlobal enerji təchizatının təxminən 1/5 hissəsi Hörmüz boğazından keçir və bu marşrut beynəlxalq enerji və ticarət balansında strateji rol oynayır.

“Bu vəziyyət qlobal ticarətə əhəmiyyətli təsir göstərir. Enerji axınlarının böyük hissəsi bu marşrutdan keçir və xüsusilə Şərqi Asiya ölkələri üçün həyati əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.

ÜTT baş direktoru qlobal ticarətdəki dəyişikliklərin qismən təşkilat daxilində islahatların gecikməsi və yeni iqtisadi reallıqlara uyğunlaşmanın zəif olması ilə əlaqəli olduğunu bildirib.

Bununla belə, o qeyd edib ki, dünya ticarətinin təxminən 75 faizi hələ də ÜTT qaydaları çərçivəsində həyata keçirilir.

Okonjo-İveala həmçinin qərarların yekdillik prinsipi ilə qəbul olunduğu konsensus sisteminin islahatına ehtiyac olduğunu vurğulayıb və bu mexanizmin qərarvermə prosesini ciddi şəkildə ləngitdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazı və tariflər qlobal ticarəti sarsıdır – ÜTT — Fins.az — Fins.az