
Əsl dayanıqlı şəhər insanı qoruyan şəhərdir - Esvatini Kralı
Mənzil yalnız beton və poladdan ibarət tikili deyil, insan ləyaqəti, təhlükəsizlik, sabitlik və ümidin əsas göstəricisidir.
Fins.az xəbər verir ki, bu fikirləri Esvatini Kralı Əlahəzrət III Msvati Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Liderlər Sammitində çıxışı zamanı deyib.
Kral bildirib ki, dünyada milyardlarla insan qeyri-kafi mənzil şəraiti, sürətli urbanizasiya prosesləri, iqlim fəlakətləri və yoxsulluqla üz-üzədir.
Onun sözlərinə görə, dayanıqlı şəhərlərin əsas meyarı göydələnlərin hündürlüyü deyil, insanların, xüsusilə həssas qrupların qorunması və sosial rifahının təmin edilməsidir.
“Əsl dayanıqlı şəhər göydələnlərinin hündürlüyü ilə deyil, insanlarını qorumaq və gücləndirmək bacarığı ilə ölçülür”, – deyə III Msvati vurğulayıb.
Esvatini Kralı qeyd edib ki, ölkəsi əlçatan mənzil, müasir infrastruktur və ekoloji dayanıqlılıq istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.
Onun sözlərinə görə, 2025-ci ildə qəbul edilən “Strategiya 2030” proqramı Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə hazırlanıb.
III Msvati əlavə edib ki, urbanizasiya və iqlim dəyişikliyi kimi qlobal çağırışların həlli üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.
O həmçinin bərpa olunan enerji, yaşıl infrastruktur və iqlimə davamlı şəhərlərə investisiyaların artırılmasının zəruriliyini vurğulayıb.
Kral çıxışının sonunda Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Bakının inkişafını yüksək qiymətləndirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.