
Dünyada 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır - Rossbax
Qlobal mənzil problemlərinin effektiv həlli üçün kompleks və inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir. Mənzil siyasəti hüquqi, sosial, iqtisadi və şəhərsalma islahatları ilə paralel şəkildə həyata keçirilməlidir.
Fins.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda keçirilən dialoq zamanı səsləndirib.
Onun sözlərinə görə, bu məsələlər UN-Habitat-ın dəstəyi ilə üzv dövlətlərin təşəbbüsü əsasında yaradılmış mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupunda geniş müzakirə olunur.
“Mənzil siyasəti hüquqi islahatlar, planlaşdırma sahəsində siyasət və struktur dəyişikliklərlə inteqrasiya olunmalıdır”, – deyə Rossbax bildirib.
UN-Habitat rəhbəri torpaq resurslarının idarə olunması və torpaq siyasətinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələri problemi hazırda da fövqəladə vəziyyət olaraq qalır.
“Söhbət qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan çox insandan gedir. Biz ərazi inkişafını, məkan planlaşdırılmasını, ikinci dərəcəli və aralıq şəhərlərin inkişafını, eləcə də iri şəhər aqlomerasiyalarının üzləşdiyi çağırışları nəzərə almalıyıq”, – deyə o əlavə edib.
Rossbaxın sözlərinə görə, mənzil siyasəti konkret region və şəhərlərin xüsusiyyətlərinə uyğunlaşdırılmalı, eyni zamanda sosial, iqtisadi və iqlim məqsədləri ilə əlaqələndirilməlidir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub və qlobal şəhərsalma siyasəti ilə bağlı müxtəlif tərəfləri bir araya gətirir.