
Dağ şəhərləri üçün xüsusi şəhərsalma strategiyaları hazırlanır - Erfan Ali
Dağlıq ərazilərdə yerləşən şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı üçün optimal həllərin hazırlanması BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) əsas fəaliyyət istiqamətlərindən biri hesab olunur.
Fins.az xəbər verir ki, bunu UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbir iştirakçılarına videomüraciəti zamanı bildirib.
Onun sözlərinə görə, “Dağlıq ərazilərdə yerləşən şəhərlər üçün mənim rayonum” adlı xüsusi proqram məhz dağ yaşayış məntəqələrinin problemlərinin həllinə yönəlib. Proqram çərçivəsində həssas dağ ekosistemlərinin idarə olunması üçün xüsusi şəhərsalma strategiyaları hazırlanır.
Erfan Ali qeyd edib ki, təşəbbüs əhali artımı ilə iqlim dəyişikliklərinə davamlılıq, biomüxtəlifliyin qorunması və təbii fəlakət risklərinin azaldılması arasında balansın təmin olunmasını nəzərdə tutur.
Regional direktor vurğulayıb ki, proqram yüksək dağlıq və dağ regionlarında həyat fəaliyyətinin təşkili ilə bağlı spesifik məsələləri də əhatə edir. Xüsusilə iqlim dəyişiklikləri və təbii fəlakətlərə davamlılıq məsələləri prioritet istiqamətlər sırasında yer alır.
Onun sözlərinə görə, dağ yaşayış məntəqələri təbii kataklizmlər və ekstremal temperatur dəyişikliklərinə daha həssas olduğundan bu sahədə xüsusi yanaşmaların tətbiqi vacib hesab olunur.
Erfan Ali bildirib ki, UN-Habitat şəhərsalma siyasətində mədəni xüsusiyyətlərin, iqlim şəraitinin, biomüxtəlifliyin qorunmasının və dağ landşaftlarının mühafizəsinin nəzərə alınmasını təşviq edir.
O qeyd edib ki, tətbiq olunan metodlar şəhərlərin həddindən artıq genişlənməsinin qarşısını almağa, kompakt və qarşılıqlı əlaqəli şəhər planlaşdırılmasını inkişaf etdirməyə yönəlib.
Regional direktorun sözlərinə görə, əsas prioritetlər dağ yaşayış məntəqələrinin yaşayış qabiliyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin və inklüzivliyinin təmin edilməsidir.
Erfan Ali əlavə edib ki, UN-Habitat bu istiqamətdə MDB ölkələri ilə fəal əməkdaşlıq edir. Xüsusilə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi ölkələrlə birgə layihələr və təşəbbüslər həyata keçirilir.
O, həmçinin MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətini yüksək qiymətləndirərək dağ ərazilərinin dayanıqlı inkişafı üzrə model konsepsiyanın hazırlanmasının mühüm addım olduğunu bildirib.
Erfan Ali vurğulayıb ki, UN-Habitat gələcəkdə də MDB ölkələrinin bu istiqamətdə təşəbbüslərini dəstəkləmək və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün əməkdaşlığı genişləndirmək niyyətindədir.
Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı və dayanıqlı idarəetmə mövzularına həsr olunub. Forum 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edəcək.