
Bələdiyyələr şəhər problemlərinin həllində çətinlik çəkir - BMT rəsmisi
BMT-də proqramların idarə olunması üzrə baş mütəxəssis Alin Matta çıxış edərək bir çox bələdiyyələrin şəhər problemlərinin aradan qaldırılmasında hələ də ciddi çətinliklərlə üzləşdiyini bildirib.
Fins.az xəbər verir ki, o bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Siyasət, sənədlər və maddi resurslar: böhranlara hazırlıq və onlara cavab tədbirlərinin təmin edilməsi üçün potensialın gücləndirilməsi” mövzusunda təlimdə səsləndirib.
Onun sözlərinə görə, müzakirə olunan əsas mövzu dünya üzrə şəhərlər və yerli idarəetmə orqanlarının çoxşaxəli böhranlar şəraitində fəaliyyətinin davamlılığını və çevikliyini necə qoruyacağı ilə bağlıdır.
Alin Matta qeyd edib ki, istər iqlim fəlakətləri, istər infrastruktur nasazlıqları, istər münaqişələr nəticəsində əhalinin köçü, istərsə də iqtisadi sarsıntılar olsun, böhranlara ilk reaksiya verən tərəf məhz yerli idarəetmə orqanlarıdır.
Bununla belə, o vurğulayıb ki, UN-Habitat və UNITAC çərçivəsində aparılan fəaliyyətlər göstərir ki, bir çox bələdiyyələr şəhər problemlərinin həllində ciddi resurs və idarəetmə çətinlikləri ilə üzləşirlər.
BMT eksperti bildirib ki, yerli potensialın gücləndirilməsi dayanıqlı, inklüziv və davamlı şəhər gələcəyinin formalaşdırılmasının əsas şərtidir.
Bakıda keçirilən WUF13-ün dördüncü günü çərçivəsində müxtəlif sessiyalar davam edib. Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr keçirilib.
İkinci gün qlobal mənzil böhranı və şəhərlərin dayanıqlılığına həsr olunmuş Liderlər Sammiti ilə yadda qalıb. Üçüncü gün isə iqlim dayanıqlılığı, süni intellekt, yaşıl urbanizasiya və sosial bərabərlik kimi mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, WUF13 mayın 22-dək davam edir və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir.