Azərbaycanla energetika və “ağıllı şəhərlər” sahəsində əməkdaşlığı genişləndirəcəyik - Serbiya Prezidenti

Azərbaycanla energetika və “ağıllı şəhərlər” sahəsində əməkdaşlığı genişləndirəcəyik - Serbiya Prezidenti

DÜNYA
365

Serbiya Prezidenti Aleksandar Vuçiç energetika, rəqəmsal texnologiyalar və “ağıllı şəhərlər” istiqamətində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını açıqlayıb.

Fins.az xəbər verir ki, o, World Urban Forum 13 çərçivəsində liderlərin bəyanatı zamanı çıxışında Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi üzrə Azərbaycanla birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Vuçiç bildirib ki, texnologiyalar, rəqəmsallaşma və süni intellekt şəhərlərin gələcək inkişafında əsas rol oynayacaq. Onun sözlərinə görə, “ağıllı şəhərlər” modeli müasir urbanizasiya problemlərinin həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

Serbiya Prezidenti Belqrad şəhərində artıq pulsuz ictimai nəqliyyat sisteminin tətbiq edildiyini, həmçinin havanın çirklənməsinin azaldılması məqsədilə elektrobus parkının genişləndirilməsinin planlaşdırıldığını qeyd edib.

O əlavə edib ki, Azərbaycanın təcrübəsindən istifadə etməklə şəhər mobilliyi və rəqəmsal idarəetmə sahəsində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Vuçiç, həmçinin Serbiyada superkompüter infrastrukturu üzərində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, Kraqevats şəhərində artıq iki müasir superkompüter fəaliyyət göstərir, üçüncü sistem isə yaxın vaxtlarda istifadəyə veriləcək. Bu texnologiyalar şəhərlərin rəqəmsal idarə olunmasını təkmilləşdirməyə və dayanıqlı enerji həllərinə keçidi sürətləndirməyə imkan verəcək.

Serbiya Prezidenti Bakının inkişafına da toxunaraq şəhərin müasir urbanizasiya və tarixi irsin qorunmasının uğurlu nümunəsinə çevrildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla energetika və “ağıllı şəhərlər” sahəsində əməkdaşlığı genişləndirəcəyik - Serbiya Prezidenti — Fins.az — Fins.az