Azərbaycan–Gürcüstan–Avropa enerji körpüsü: Qara dəniz kabeli layihəsi genişlənir

Azərbaycan–Gürcüstan–Avropa enerji körpüsü: Qara dəniz kabeli layihəsi genişlənir

DÜNYA
213

Qara dəniz Enerji Kabeli layihəsi Gürcüstan və Azərbaycandan Avropaya yaşıl enerji ixracının asanlaşdırılmasına və regionlararası rəqəmsal bağlantının gücləndirilməsinə xidmət edəcək.

Beynəlxalq konsaltinq şirkəti PMCG-nin məlumatına görə, bu barədə şirkətin vitse-prezidenti Zviad Xarebava Konrad Adenauer Fondu (KAS) və Bolqarıstan hakimiyyətinin təşkil etdiyi Burqas Bağlantı Forumu 2026-da çıxışı zamanı bildirib.

Forumda “Gürcüstan Strateji Enerji Tranzit Mərkəzi kimi: Xəzər dənizini Avropa ilə birləşdirir” mövzusu müzakirə olunub. Çıxışda Gürcüstanın Cənubi Qafqaz və Mərkəzi Asiyanı enerji dəhlizləri vasitəsilə Avropa bazarları ilə birləşdirmə rolunun gücləndiyi vurğulanıb.

Zviad Xarebava Gürcüstanın Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Qaz Boru Kəməri kimi əsas infrastruktur layihələri vasitəsilə Xəzər nefti və qazı üçün tranzit ölkə rolunu artıq formalaşdırdığını qeyd edib.

Çıxışda həmçinin Gürcüstanın bərpa olunan enerji potensialı və enerji inteqrasiyası layihələrinin strateji əhəmiyyəti diqqətə çatdırılıb. Xüsusilə Gürcüstanı Rumıniya və Macarıstanla birləşdirəcək planlaşdırılan Qara Dəniz Enerji Kabeli layihəsinə toxunulub.

PMCG-nin məlumatına görə, layihə 1195 kilometr uzunluğunda və 1000 MVt gücündə sualtı elektrik kabeli vasitəsilə Azərbaycan və Gürcüstanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsini nəzərdə tutur. Layihə həmçinin fiber-optik komponent vasitəsilə rəqəmsal bağlantının gücləndirilməsini təmin edəcək.

Qeyd edilib ki, layihənin 2030-cu illərin əvvəllərində icrası gözlənilir və Avropa İttifaqının PCI/PMI siyahısına daxil edilib.

Məlumatda vurğulanır ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında 17 dekabr 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq müqaviləsi layihənin əsas hüquqi bazasını formalaşdırır.

2024-cü ilin sentyabr ayında isə Rumıniyanın Transelectrica, Gürcüstanın Georgian State Electrosystem, Azərbaycanın AzerEnerji və Macarıstanın MVM şirkəti tərəfindən birgə müəssisə yaradılıb.

Analitiklər bildirirlər ki, Gürcüstanda Batumi və Poti limanlarının, eləcə də Anaklia dərin su limanı layihəsinin modernləşdirilməsi sualtı kabel layihəsinin icrası üçün mühüm logistika dəstəyi yaradacaq.

Eyni zamanda Konstansa və Varna limanlarının modernləşdirilməsi ilə Avropada oxşar infrastrukturun formalaşdırıldığı qeyd olunur. Bu proses ağır enerji avadanlıqlarının daşınması və quraşdırılması üçün inteqrasiya olunmuş sənaye ekosisteminin inkişafına xidmət edir.

Layihə Cənubi Qafqaz və Qara dəniz regionunu Avropa enerji bazarı ilə birləşdirərək yaşıl enerji ixracı və rəqəmsal inteqrasiyanı genişləndirməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Gürcüstan–Avropa enerji körpüsü: Qara dəniz kabeli layihəsi genişlənir — Fins.az — Fins.az