
Almaniyada vətəndaşlıq alanların sayı rekord həddə çatıb
Fins.az - Almaniyada ötən il vətəndaşlığa qəbul olunan əcnəbilərin sayı tarixi rekord səviyyəyə yüksəlib.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə 332 min 500 nəfər Almaniya vətəndaşlığı alıb. Bu, əvvəlki illə müqayisədə 14 faiz və ya 40,5 min nəfər çoxdur.
Beləliklə, 2000-ci ildən bəri aparılan statistika tarixində ilk dəfə olaraq bir il ərzində 300 mindən çox insan Almaniya vətəndaşlığına qəbul edilib.
Vətəndaşlıq alanlar arasında ən böyük qrupu 65 min 600 nəfərlə Suriya vətəndaşları təşkil edib. Bununla belə, bu göstərici əvvəlki illə müqayisədə 21 faiz azalıb.
Siyahıda ikinci yerdə Türkiyə vətəndaşları qərarlaşıb. Onlardan 34 min 100 nəfər Almaniya vətəndaşlığı əldə edib. Üçüncü yerdə isə 19 min 700 nəfərlə Rusiya vətəndaşları yer alıb.