1 milyard insan su və elektriksiz yaşayır - UN-Habitat

1 milyard insan su və elektriksiz yaşayır - UN-Habitat

DÜNYA
251

Bir sıra regionlarda sürətlə gedən urbanizasiya prosesləri təbiət və kənd təsərrüfatı torpaqlarını özünə birləşdirərək ərzaq təhlükəsizliyi risklərini artırır. Bu isə şəhər inkişafına yanaşmaların təxirəsalınmaz şəkildə yenidən nəzərdən keçirilməsini zəruri edir.

Fins.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə” mövzusunda panel müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, hazırda iqlim dəyişiklikləri ilə bağlı problemlərin əhəmiyyətli hissəsi idarəolunmayan və plansız urbanizasiya proseslərinin nəticəsidir. O bildirib ki, dünyada 1 milyarddan çox insan su və elektrik enerjisinə çıxışdan məhrumdur, milyonlarla insan isə minimal təhlükəsizlik şəraitində yaşayır.

Anaklaudia Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrində vəziyyət getdikcə pisləşir və beynəlxalq ictimaiyyət bu problemin həlli və azaldılması istiqamətində hələ də ciddi çətinliklərlə üzləşir. Onun sözlərinə görə, təhlükəsiz mənzilə çıxışın olmaması uşaqların təhsilə davamlı şəkildə cəlb olunmasına da mənfi təsir göstərir.

UN-Habitat icraçı direktoru mənzil siyasətinin iqlim danışıqlarına inteqrasiyasının vacibliyini vurğulayaraq şəhərlərin daha kompakt və dayanıqlı inkişaf modelinə keçid etməli olduğunu bildirib. O, mövcud şəhər böyümə tendensiyalarının yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.

Forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir. Tədbir mayın 22-dək davam edəcək.

Dördüncü gün çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar, dəyirmi masalar və dialoqlar keçirilir.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Müzakirələrdə həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunur.

WUF13-ün əvvəlki günlərində də qlobal mənzil böhranı, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi kimi mövzular ətrafında müzakirələr aparılıb. Forum çərçivəsində həmçinin Azərbaycan və Türkiyənin şəhərləri arasında əməkdaşlıq memorandumunun imzalanması da baş tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
1 milyard insan su və elektriksiz yaşayır - UN-Habitat — Fins.az — Fins.az