
“Startup School 4” Proqramının Təlim Sessiyalarına Start Verilib
Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Beş qitə, 500 startap” qlobal innovasiya proqramının açılış mərasimi və ilk təlim sessiyası keçirilib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov açılış nitqi ilə çıxış edərək proqramın həyata keçirilməsinə dəstək göstərən tərəfdaşlara, beynəlxalq ekspertlərə və iştirakçılara təşəkkürünü bildirib, belə təşəbbüslərin innovasiya ekosisteminin inkişafı, sahibkarlıq mədəniyyətinin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Layihə meneceri Aydan Hüseynzadə iştirakçılara təlimlərin strukturu, mentorluq sessiyaları və final mərhələsi barədə məlumat verib. Proqram çərçivəsində startap komandaları 11 modul üzrə 20 təlim sessiyasında iştirak edəcək, növbəti mərhələdə isə fərdi mentorluq dəstəyi ilə layihələrini inkişaf etdirmək imkanı qazanacaqlar.
Proqramın ilk təlim sessiyası Maltada fəaliyyət göstərən “Deep Tech Foundry” şirkətinin nümayəndələri Gonca Kara və Martin Vieira tərəfindən keçirilib. “Dayanıqlı iqtisadiyyat: Avropa imkanları” (Sustainable Economy: European Opportunities) mövzusuna həsr olunan sessiyada Avropada dayanıqlı inkişaf prioritetləri, yaşıl iqtisadiyyatın formalaşması, innovasiya və texnologiyaların dayanıqlı inkişaf məqsədlərinə töhfəsi, həmçinin startaplar üçün yaranan yeni biznes və maliyyələşmə imkanları barədə ətraflı məlumat verilib.
İştirakçılar Avropada yaşıl transformasiya prosesləri, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) və innovativ sahibkarlıq modelləri ilə tanış olublar. Eyni zamanda, dayanıqlı inkişaf istiqamətində fəaliyyət göstərən startaplar üçün mövcud dəstək mexanizmləri, beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
“Startup School 4: Beş qitə, 500 startap” proqramı dünyanın müxtəlif ölkələrindən olan ekspertləri, mentorları və innovasiya ekosistemi nümayəndələrini bir araya gətirərək iştirakçı startapların qlobal bilik, təcrübə və investisiya imkanlarına çıxışını dəstəkləyir. Proqramın final mərhələsi olan “Demo Day” tədbiri “TEI Forum 2026” (Trade, Export and Innovation) çərçivəsində keçiriləcək.
