
Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib
Fins.az - Tədbirdə rəqabət qanunvericiliyinin əsas tələbləri və tətbiqi mexanizmləri barədə məlumat verilib, bu sahədə hüquqi tənzimləmənin əhəmiyyəti və sahibkarlıq subyektlərinin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib. Seminarda konsaltinq və hüquq xidmətləri göstərən şirkətlərin, eləcə də müxtəlif bazarlarda qida və qeyri-qida məhsullarının pərakəndə satışı fəaliyyətini həyata keçirən iri müəssisələrin nümayəndələri iştirak edib.
20-dən çox nümayəndənin qatıldığı görüşdə Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə çıxış edib. Daha sonra “Rəqabət Məcəlləsi: hökmran mövqe vəziyyəti və iqtisadi təmərküzləşmələr” mövzusunda təqdimat dinlənilib.
Çıxışlar zamanı rəqabət siyasətinin həyata keçirilməsi üzrə rəqabət orqanının vəzifələri iştirakçıların diqqətinə çatdırılıb, “hökmran mövqe” anlayışı və ondan sui-istifadə halları, habelə iqtisadi təmərküzləşmələr, onların qiymətləndirilməsi və rəqabət orqanı tərəfindən iqtisadi təmərküzləşmələrə razılıq verilməsi şərtləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Görüşdə həmçinin rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərindən bəhs edilib, iştirakçıların sualları cavablandırılıb.


