Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə

Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə

DİGƏR
87

Fins.az - Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” ölkədə məşğulluq siyasətinin növbəti beşillik mərhələsini müəyyən edir. Sərəncama əsasən, Tədbirlər Planının icrasının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Yeni sənəd 2020–2025-ci illər üçün Tədbirlər Planından ayrıca təşəbbüs deyil, əvvəlki mərhələdə formalaşdırılmış siyasət və institusional bazanın məntiqi davamıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov bildirib ki, əvvəlki Tədbirlər Planında əmək bazarının normativ hüquqi və institusional əsaslarının təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, sosial dialoq, qeyri-formal məşğulluğun azaldılması, monitorinq və proqnozlaşdırma əsas istiqamətlər kimi müəyyən edilmişdi. Yeni planda isə həmin istiqamətlər daha konkret mexanizmlər, hədəf qrupları və nəticələr əsasında inkişaf etdirilib. Bununla yanaşı, məşğulluqyönümlü iqtisadi inkişaf və mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi ayrıca prioritet kimi sənədə daxil olunub.

Yeni Tədbirlər Planı altı prioritet istiqamət üzrə 50 tədbiri əhatə edir. Yeni mərhələdə tədbirlərin sayından daha çox onların hədəflərinə və konkret nəticələrlə əlaqələndirilməsinə üstünlük verilib. Tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələrin müəyyənləşdirilməsi fəaliyyətlərdən gözlənilən dəyişikliklərin ardıcıl izlənilməsinə imkan verən nəticə zənciri formalaşdırır.

Elnur Ələkbərovun sözlərinə görə, məşğulluqyönümlü iqtisadi inkişafın ayrıca prioritet kimi müəyyən edilməsi məşğulluq siyasətinə daha geniş iqtisadi çərçivədən yanaşıldığını göstərir. Regionlarda investisiya və startap fəallığının stimullaşdırılması, KOB subyektlərinin dəstəklənməsi, aqrar sektorda müasir texnologiyaların tətbiqi və turizmin inkişafı işçi qüvvəsinə tələbin genişlənməsinə yönəlib. Beləliklə, məşğulluq siyasəti yalnız işsiz və işaxtaran şəxslərin işlə təmin olunmasını deyil, məhsuldar və dayanıqlı iş yerlərinin yaradıldığı iqtisadi mühitin inkişafını da əhatə edir.

Tədbirlər Planında rəqəmsallaşma yeni mərhələdə məşğulluq sisteminin əsas idarəetmə alətlərindən biri kimi çıxış edir. Məşğulluq xidmətlərinin elektronlaşdırılması, süni intellektə əsaslanan xidmətlərin yaradılması, avtomatlaşdırılmış monitorinq mexanizmləri, regional “DOST” infrastrukturunun genişləndirilməsi və regional peşə hazırlığı mərkəzlərinin yaradılması xidmətlərin operativliyini və əlçatanlığını artıracaq.

Bacarıqların inkişafı üzrə tədbirlər də əvvəlki mərhələnin ümumi istiqamətlərini daha konkret alətlərlə davam etdirir. “Peşələr üzrə elektron atlas”ın yaradılması, peşə və kvalifikasiya standartlarının yenilənməsi, yaşıl iqtisadiyyat üçün zəruri bacarıqların formalaşdırılması, dual peşə təhsilinin genişləndirilməsi, iş yerində öyrənmə və qeyri-formal bacarıqların tanınması təhsil ilə əmək bazarı arasında əlaqələri gücləndirəcək. Bu tədbirlər işçi qüvvəsinin yalnız cari vakansiyalara deyil, iqtisadiyyatın perspektiv inkişaf istiqamətlərinə uyğun hazırlanmasını nəzərdə tutur.

Yeni Tədbirlər Planında aktiv məşğulluq proqramlarının ünvanlılığı da daha aydın görünür. Qadınlar, gənclər, dövlət uşaq müəssisələrinin məzunları və işə düzəlməkdə çətinlik çəkən digər şəxslər vahid qrup kimi deyil, fərqli ehtiyacları olan hədəf qrupları kimi nəzərə alınır. Özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin rəsmi biznes subyekti kimi fəaliyyətinin təşviqi də bu baxımdan diqqət çəkir. Məqsəd şəxsin yalnız proqrama cəlb olunması deyil, yaratdığı fəaliyyətin davamlı biznesə və formal məşğulluğa çevrilməsidir. Əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə tədbirlər yeni planın daha hədəfli istiqamətlərindəndir. İşəgötürənlərin peşə və bacarıqlar üzrə tələbatının illik sorğularla öyrənilməsi, məzunların əmək bazarına keçidinin izlənilməsi, minimum əməkhaqqı artımının təsirlərinin qiymətləndirilməsi və işçi qüvvəsinin hərəkətinin proqnozlaşdırılması məlumat əsaslı qərarların qəbuluna şərait yaradacaq. Bu yanaşma əmək bazarında baş vermiş dəyişikliklərin izlənilməsi ilə yanaşı, gələcək tələbatın əvvəlcədən müəyyənləşdirilməsinə də imkan verəcək.

İİTKM-in şöbə müdiri əlavə edib ki, 2026–2030-cu illər üçün Tədbirlər Planı əvvəlki mərhələdə yaradılmış institusional və siyasət bazasını qorumaqla məşğulluq siyasətini daha hədəfli, rəqəmsal və nəticəyönümlü mərhələyə keçirir. Planın icrası formal və məhsuldar məşğulluğun genişlənməsinə, bacarıqlarla iş yerləri arasında uyğunluğun yaxşılaşmasına, regionlarda məşğulluq imkanlarının artmasına və əmək bazarının idarə edilməsində proqnozlaşdırmaya əsaslanan yanaşmanın güclənməsinə xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə — Fins.az — Fins.az