Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir

Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir

DİGƏR
186

Fins.az - Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm yenilik edib. Belə ki, kapitan və komandir heyəti üzvlərinin sertifikatlarının (diplomlarının) yenilənməsi prosesi daha sadə və çevik mexanizm əsasında həyata keçiriləcək.

Yeni qaydalara əsasən, kapitan və komandir heyəti üzvləri sertifikatlarına (diplomlarına) uyğun vəzifədə son 5 il ərzində azı 12 ay və ya son 6 ayda azı 3 ay dənizdə xidmət stajını təsdiqləyən sənədi təqdim etdikdə və Agentlikdə təşkil olunan müvafiq təlimatlandırmadan keçdiyi halda sertifikatlarını (diplomlarını) təkmilləşdirmə kursu və biliklərin yoxlanılması imtahanı olmadan yeniləmək imkanı qazanacaqlar.

Yeni mexanizm 22 iyun 2026-cı il tarixindən tətbiq olunacaq. Həmin tarixədək verilmiş sertifikatların (diplomların) etibarlılıq müddətinin başa çatmasına 6 aydan az müddət qaldıqda dənizçilər bu sənədlərin yenilənməsi üçün Agentliyə müraciət edə bilərlər.

Hazırda qüvvədə olan qaydalara əsasən, kapitan və komandir heyəti sertifikatlarının (diplomlarının) yenilənməsi üçün aşağıdakı şərtlərdən birinin yerinə yetirilməsi tələb olunur:

• son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay dənizdə xidmət stajını, habelə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirdiyini təsdiq edən xüsusi hazırlıq şəhadətnaməsini təqdim etmək və ya

• son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay dənizdə xidmət stajını təsdiq etməklə Agentlik tərəfindən keçirilən bilik və bacarıqların yoxlanılması imtahanında iştirak

Dənizdə xidmət stajına dair tələbləri yerinə yetirməyən şəxslər üçün isə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurmaq və ya Agentliyin təşkil etdiyi bilik və bacarıqların yoxlanılması imtahanında iştirak tələbi qüvvədə qalır.

Dəyişikliklərin əsas məqsədi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, düzəlişlər edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ Konvensiyası) tələblərinə uyğunluğun təmin edilməsi, sertifikatlaşdırma prosesinin optimallaşdırılması, inzibati yükün azaldılması və dənizçilərə daha operativ xidmət göstərilməsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir — Fins.az — Fins.az