“Azərpoçt” MMC “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

“Azərpoçt” MMC “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

DİGƏR
149

Fins.az - AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 23 – 30 may 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub.

Sərgi çərçivəsində Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən “Filateliyada idarəetmə, təhlükəsizlik və inkişafın yeni yanaşmaları” mövzusunda konfrans və işgüzar görüşlər təşkil edilib. Tədbirlər zamanı qanunsuz poçt markası emissiyalarının qarşısının alınması, poçt operatorlarının gəlir dayanıqlığının qorunması, Azərbaycan poçt markalarının Beynəlxalq Rəsmi Nömrələmə Sistemində (The WADP Numbering System – WNS) qeydiyyatı, rəqəmsal filateliya həlləri, e-kommersiya imkanları və filateliya biznesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Konfransın açılış nitqi ilə çıxış edən “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının prezidenti Sitarə Hüseynova qanunsuz marka emissiyalarına nəzarətin gücləndirilməsi, poçt operatorlarının kommersiya maraqlarının qorunması və “WNS” platformasının filateliya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib.

O bildirib ki, “WNS” platforması poçt markalarının sistemli şəkildə toplanması, rəsmi “e-shop” səhifələrinə inteqrasiya imkanlarının yaradılması və rəqəmsal filateliya irsinin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin tədbir zamanı “Azərpoçt” MMC-nin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat təqdim olunub, “WNS” platformasının Azərbaycanda təşviqi, filatelistlər, dilerlər və poçt operatorları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Sərgi günlərində “Azərpoçt” MMC tərəfindən son iki il ərzində dövriyyəyə buraxılmış poçt markaları nümayiş etdirilib və beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Azərpoçt” MMC-nin beynəlxalq filateliya platformalarında iştirakı Azərbaycanın poçt markalarının beynəlxalq səviyyədə tanıdılması, filateliya sahəsində əməkdaşlığın genişləndirilməsi və poçt məhsullarının təhlükəsizliyinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərpoçt” MMC “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub — Fins.az — Fins.az