Azərbaycan–Türkmənistan Münasibətləri Yeni Strateji Mərhələyə Qədəm Qoyur

Azərbaycan–Türkmənistan Münasibətləri Yeni Strateji Mərhələyə Qədəm Qoyur

DİGƏR
168

Fins.az - Azərbaycan və Türkmənistan arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və regional layihələrdə əməkdaşlığın dərinləşməsi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə, 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi və sonrakı dövrdə həyata keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan–Türkmənistan əlaqələrinin möhkəmlənməsinə ciddi təkan verib. Bu gün keçirilən görüşdə də iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən 12 sənəd imzalandı ki, bu da gələcəkdə həm əlaqələrin inkişafına, həm də daha genişmiqyaslı münasibətlərin formalaşmasına töhfə verəcəkdir. 

Azərbaycan-Türkmənistan münasibətlərinə dair məsələləri şərh edən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə, hər iki ölkə beynəlxalq münasibətlər sistemində müstəqil və balanslaşdırılmış siyasət yürüdən dövlətlərdir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyir və regional sabitliyin qorunmasına töhfə verir. Eyni zamanda, dövlət başçıları və hökumət nümayəndələri arasında müntəzəm təmaslar siyasi etimadın daha da güclənməsinə şərait yaradır ki, bu da digər sahələrdə əməkdaşlıq üçün imkanları genişləndirir.   

Enerji sektoru Azərbaycan–Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir və Avropa ilə Asiya arasında mühüm enerji tərəfdaşları hesab olunur. Xəzər dənizində enerji layihələri, təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması və enerji infrastrukturlarının inkişafı sahəsində əməkdaşlıq imkanları genişdir. Xüsusilə, nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsi gələcəkdə hər iki dövlət üçün mühüm iqtisadi üstünlüklər yarada bilər. Onu da qeyd edək ki, 2025-ci ilin yekunlarına görə, Azərbaycan–Türkmənistan üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artıb, 2026-cı ilin mayın 12-də Türkmənistanın ilkin quru yük gəmisi təntənəli şəkildə Bakı Limanına daxil olub.. Şübhəsiz ki, gəminin Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə müntəzəm kontey-ner daşımalarına qoşulması regionun logistik imkanlarını ciddi şəkildə təkan verəcəkdir.

Nəzərə alsaq ki, Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm iştirakçılarıdır, onda Azərbaycanın tranzit imkanlarının və Türkmənistanın Mərkəzi Asiyadakı geostrateji mövqeyinin iki ölkə arasında logistik əməkdaşlığa geniş imkanlar yaratdığı aydın olar. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, xüsusilə dibdərinləşdirmə, iritutumlu gəmilərin istismarına şəraitin yaradılması, daşıma, sərhəd-buraxıcılıq əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində görülən işlər yükdaşımaların həcmini və intensivliyini artırmağa imkan verir. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” neftdaşıyan tankerin hədiyyə olunması isə ikitərəfli münasibətləri daha da inkişaf etdirərək, ümumilikdə regionun inkişafına, Asiya-Avropa ticarət münasibətlərinə öz töhfəsini verəcəkdir. Uzunluğu 141 metr, eni 16.9 metr, suya oturumu isə 4.54 metr, dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası, ölkəmizdə gəmiqayırma sənayesinin inkişafının bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da mühüm töhfədir. Hansı ki, bu töhfə, ümumilikdə Orta Dəhlizin inkişafına və Avropa-Asiya ticarət əlaqələrinin güclənməsinə təkan olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatla çıxışı zamanı cənab Prezidentin də səsləndirildiyi kimi: “Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir.”

Aqil Əsədovun fikrincə, siyasi təmaslar, beynəlxalq layihələrdə birgə iştirak son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində də özünü göstərməkdədir. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və biznes forumlarının keçirilməsi iqtisadi əlaqələrin inkişafına təkan verən əsas alətlərdir. Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və logistika sahələrində yeni layihələrin həyata keçirilməsi qarşılıqlı iqtisadi faydanı artıracaq əsas amillərdən hesab edilir.

İİTKM-in şöbə müdirinin sözlərinə görə, iki ölkə arasında humanitar və mədəni əlaqələr də xüsusi önəm kəsb edir. Azərbaycan və Türkmənistan xalqları ortaq türk mədəniyyətinə, dil və mənəvi dəyərlərə malikdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar”. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Son dövrlərdə keçirilən simpoziumlar, mədəni tədbirlər və humanitar layihələr bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Türkmənistanın işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə olaraq müasir məscid kompleksi inşa etməsi də xalqlarımızın tarixi-dini birliyinin, ölkələrimiz arasında dostluğun daha bir nümunəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Türkmənistan münasibətləri hazırda yüksələn xətt üzrə inkişaf edir və gələcək üçün geniş perspektivlər vəd edir. Siyasi dialoqun güclənməsi, enerji və nəqliyyat sahələrində strateji əməkdaşlığın genişlənməsi, iqtisadi-ticarət əlaqələrinin artması və humanitar münasibətlərin dərinləşməsi iki ölkənin tərəfdaşlığını daha da möhkəmləndirəcəkdir. Mövcud geosiyasi şəraitdə Azərbaycan və Türkmənistanın əməkdaşlığı təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Türkmənistan Münasibətləri Yeni Strateji Mərhələyə Qədəm Qoyur — Fins.az — Fins.az