
2025-ci ildə televiziya izləmə rekord səviyyədə: Ekran vaxtının 69%-i milli kanallara ayrılıb
2025-ci ilin media statistikası göstərir ki, televiziya hələ də Azərbaycanda ən çox izlənilən platformalardan biri olaraq qalır.
Fins.az xəbər verir ki, bu barədə "NewMedia" şirkəti Kantar-ın "Marsa" ölçmələrinə əsasən məlumat yayıb.
Məlumata görə, aparılan ölçmələrə əsasən, izləyicilər gün ərzində orta hesabla 5 saat 47 dəqiqəni ekran qarşısında keçirir.
Bu vaxtın böyük hissəsi – təxminən 69%-i milli televiziya kanallarına sərf olunur. Bu da yerli yayımçıların auditoriya üzərində hələ də güclü təsirə malik olduğunu göstərir.
Milli kanallar üzrə gündəlik izləmə müddəti isə adambaşına orta hesabla 3 saat 58 dəqiqə təşkil edir.
Statistikaya görə:
Regionlarda yaşayanlar televiziyaya daha çox vaxt ayırır (4 saat 6 dəqiqə)
Digər şəhərlərdə bu göstərici 3 saat 54 dəqiqədir
Bakıda isə orta izləmə müddəti 3 saat 49 dəqiqə təşkil edir
Gender bölgüsündə də fərq müşahidə olunur. Qadınlar gündə orta hesabla 4 saat 5 dəqiqə televiziya izlədiyi halda, kişilərdə bu göstərici 3 saat 49 dəqiqədir.
Aylar üzrə dinamika göstərir ki, ən yüksək izləmə fevral (4:31) və dekabr (4:29) aylarında qeydə alınıb. Ən aşağı göstərici isə yay aylarında, xüsusilə avqustda (3:08) müşahidə olunur.
Bu rəqəmlər onu göstərir ki, rəqəmsal platformaların artmasına baxmayaraq, televiziya hələ də geniş auditoriyanı cəlb edən əsas media vasitələrindən biridir. Xüsusilə reklamverənlər üçün milli kanalların payının yüksək olması strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
