
Yaxın Şərqdə gərginlik Brent neftini 104 dollara qaldırıb
Yaxın Şərqdə 28 fevral tarixində başlayan hərbi əməliyyatlar Brent markalı neftin spot qiymətini sürətlə artırıb.
Fins.az xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, 27 fevral tarixində orta hesabla bir barel üçün 71 dollar olan Brent nefti 9 mart tarixinə 104 dollara yüksəlib.
Hesabata görə, Hörmüz boğazı faktiki olaraq əksər tankerlər üçün bağlıdır, bu isə qlobal tədarükdə qeyri-müəyyənlik yaradır və neft qiymətlərində risk mükafatını artırır. Boğazın uzun müddət bağlı qalması dünya neft tədarükünün təxminən 20 faizinə təsir göstərə bilər və regionda hasilatın müvəqqəti dayandırılmasına səbəb ola bilər.
EIA-nın proqnozuna görə, qısamüddətli tədarük fasilələri və dayandırılmış hasilat nəticəsində 2026-cı ilin ikinci rübündə Brent neftinin qiyməti orta hesabla 91 dollar səviyyəsində qala bilər. Hörmüz boğazı vasitəsilə axınlar bərpa olunduqdan sonra isə qlobal neft hasilatı proqnoz dövründə istehlakı üstələməyə davam edəcək. Nəticədə ehtiyatların 2026-cı ildə orta hesabla gündə 1,9 milyon barel, 2027-ci ildə isə gündə 3,0 milyon barel artacağı gözlənilir.
Bu tendensiya dünya bazarında neft qiymətlərinin və enerji təhlükəsizliyinin Yaxın Şərqdəki geosiyasi hadisələrdən birbaşa təsirləndiyini bir daha göstərir.
Fuad Mədətov
Fins.az