
Yaradıcı iqtisadiyyat Azərbaycanın prioritet istiqamətinə çevrilib - Rəşad Əzizov
Azərbaycan yaradıcı sənayelərin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində daha dərin sənaye əsaslı inkişaf modelinə keçid edir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin direktoru Rəşad Əzizov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan “UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı” mövzusunda panel sessiyada bildirib.
AKA-nın direktoru qeyd edib ki, forum çərçivəsində keçirilən tədbirdə iştirak etmək onun üçün böyük şərəfdir.
R.Əzizov vurğulayıb ki, WUF13 kimi beynəlxalq platformanın Bakıda keçirilməsi və dünyanın müxtəlif yaradıcı şəhərlərindən nümayəndələrin iştirak etməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, forum yaradıcı şəhərlər arasında təcrübə mübadiləsinin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
R.Əzizov bildirib ki, yaradıcı iqtisadiyyatın inkişafı hazırda Azərbaycanın əsas prioritet istiqamətlərindən birinə çevrilib. O əlavə edib ki, ölkədə yaradıcı sənayelərin inkişafı və beynəlxalq əlaqələrin genişlənməsi fonunda daha dərin sənaye əsaslı inkişaf modelinin formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir. Forum çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya, yaradıcı iqtisadiyyat, dayanıqlı şəhər inkişafı və beynəlxalq əməkdaşlıq mövzuları üzrə müzakirələr aparılır.