
Yaponiya Mərkəzi Bankı inflyasiya proqnozunu kəskin artıra bilər
Fins.az - Yaponiya Mərkəzi Bankı cari maliyyə ili üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə artırmağı nəzərdən keçirir. Bu addım əsasən qlobal bazarda neft qiymətlərinin artımı ilə əlaqələndirilir.
Bankın yanvar ayında açıqladığı proqnoza görə, ərzaq məhsulları istisna olmaqla əsas inflyasiya göstəricisinin 2026-cı maliyyə ilində 1,9% səviyyəsində olacağı gözlənilirdi.
Lakin Yaxın Şərqdə davam edən gərginlik və enerji qiymətlərinin yüksəlməsi bu proqnozun yenidən nəzərdən keçirilməsinə səbəb olub. Ekspertlər qeyd edirlər ki, enerji idxalından asılı olan Yaponiya iqtisadiyyatı üçün neftin bahalaşması əlavə risklər yaradır.
Eyni zamanda, Mərkəzi Bankın iqtisadi artım proqnozunu (ÜDM) aşağı salacağı da istisna edilmir. Tarixi təcrübə göstərir ki, neft qiymətlərində kəskin artım Yaponiya iqtisadiyyatına mənfi təsir göstərir.
Yaponiya Mərkəzi Bankı yeni iqtisadi proqnozlarını aprelin 28-də keçiriləcək pul-kredit siyasəti iclasının yekununda açıqlayacaq.