WUF13: Bakı üçün yeni tullantı idarəetmə və şəhər infrastrukturu layihələri açıqlanıb

WUF13: Bakı üçün yeni tullantı idarəetmə və şəhər infrastrukturu layihələri açıqlanıb

BİZNES
188

Bakıda şəhər infrastrukturunun modernləşdirilməsi və tullantıların idarə olunması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Xarici Maliyyə Təşkilatları və İnvestisiya Fondları ilə İş Departamentinin Beynəlxalq İnvestisiya Fondları və Donorlarla Əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşanıla bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda panel müzakirəsində bildirib.

O qeyd edib ki, 2025-ci ildə İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Yaşanıla bilən Bakı” layihəsi üzrə kredit sazişi imzalanıb.

Günel Quliyevanın sözlərinə görə, layihənin əsas məqsədi şəhər infrastrukturunun inkişafı, ictimai məkanların bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasıdır.

O bildirib ki, layihənin əsas komponentlərindən biri Bakıətrafı üç gölün, o cümlədən Xocasən gölünün təmizlənməsidir.

Nazirlik rəsmisi əlavə edib ki, layihə çərçivəsində bərk məişət tullantılarının idarə olunması sahəsində də mühüm addımlar nəzərdə tutulur. Bu istiqamətdə Abşeronda yeni poliqonun, həmçinin Qobustan, Şamaxı və digər ərazilərdə ümumilikdə 4 ötürücü məntəqənin tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində də işlər həyata keçiriləcək.

Günel Quliyeva vurğulayıb ki, layihələrin icrası zamanı Dünya Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaş qurumlarla sıx əməkdaşlıq həyata keçirilir.

O qeyd edib ki, beynəlxalq təcrübənin tətbiqi və müasir standartların müəyyənləşdirilməsi layihələrin əsas prioritetləri sırasındadır.

Nazirlik rəsmisinin sözlərinə görə, poliqonların və ötürücü məntəqələrin tikintisi tullantıların idarə olunması sahəsində mövcud problemlərin həllinə və dayanıqlı nəticələrin əldə olunmasına imkan yaradacaq.

Qeyd edək ki, WUF13 mayın 22-dək Bakıda davam edəcək və forum çərçivəsində şəhərsalma, iqlim dayanıqlılığı, “yaşıl” urbanizasiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13: Bakı üçün yeni tullantı idarəetmə və şəhər infrastrukturu layihələri açıqlanıb — Fins.az — Fins.az