Vüsal Qasımlı Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində çıxış edib

Vüsal Qasımlı Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində çıxış edib

BİZNES
119

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Bakı şəhərində keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” (International Finance & Banking Summit 2026) beynəlxalq tədbirində açılış nitqi ilə çıxış edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İİTKM, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən sammitdə mərkəzi bankların, maliyyə institutlarının, bank sektorunun, fintex şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, ödəniş sistemlərinin inkişafı, kibertəhlükəsizlik, maliyyə inteqrasiyası və innovativ həllərlə bağlı müzakirələr aparılıb.

Professor Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi potensialı ilə maliyyə sektorunun inkişaf səviyyəsi arasında əhəmiyyətli fərqin mövcud olduğunu vurğulayıb. Aparılan təhlillər göstərir ki, TDT ölkələri dünya ümumi daxili məhsulunun (ÜDM) təxminən 3 faizini formalaşdırdığı halda, qlobal bank aktivlərində onların payı cəmi 0,8 faiz təşkil edir. Başqa sözlə, Türk dünyasının qlobal iqtisadiyyatda çəkisi onun qlobal bank sistemindəki çəkisindən təxminən dörd dəfə böyükdür.

TDT məkanında hər il formalaşan ümumi yığımların həcmi təxminən 670 milyard ABŞ dollarına çatır ki, bu da dünya yığımlarının 2,3 faizinə bərabərdir. Bununla belə, mövcud maliyyə vasitəçiliyi mexanizmləri bu vəsaitlərin tam şəkildə daxili investisiyalara və maliyyə aktivlərinə çevrilməsini təmin etməlidir.

Professor Vüsal Qasımlı qeyd edib ki, mütəxəssislərin qənaətinə görə, əsas problem texnologiya çatışmazlığında deyil, köhnəlmiş sistemlərin yeni texnologiyalarla uyğunlaşdırılmağa çalışılmasındadır. Süni intellekt artıq maliyyə sektorunda sadəcə innovasiya vasitəsi deyil, rəqabət qabiliyyətinin qorunmasının əsas şərtlərindən birinə çevrilir. Araşdırmalar göstərir ki, süni intellekt əsaslı həllər müştəri loyallığını əhəmiyyətli dərəcədə artırır, risklərin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır və əməliyyat səmərəliliyini yüksəldir. Bununla yanaşı, bankların böyük əksəriyyəti parçalanmış məlumat bazalarını, köhnəlmiş informasiya sistemlərini və aşağı məlumat keyfiyyətini süni intellekt tətbiqlərinin qarşısında duran əsas maneələr kimi qiymətləndirir.

Çıxış zamanı vurğulanıb ki, mövcud tendensiyalar Türk Dövlətləri Təşkilatı ölkələri qarşısında maliyyə sektorunda yeni inkişaf mərhələsinə keçid üçün unikal imkanlar açır. Regionda formalaşan yüksək yığım potensialının daha səmərəli maliyyə vasitəçiliyinə yönəldilməsi ilə yanaşı, tokenizasiya, paylanmış reyestr texnologiyaları (Distributed Ledger Technologies – DLT), süni intellekt və islam maliyyəsi kimi yeni nəsil maliyyə həlləri TDT məkanının qlobal maliyyə sistemində rolunu əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Xüsusilə real aktivlərin tokenizasiyası kapital bazarlarının dərinləşdirilməsinə, investorlara çıxış imkanlarının genişlənməsinə və sərhədlərarası investisiya axınlarının artmasına xidmət edə bilər. Paylanmış reyestr texnologiyaları transsərhəd ödənişlərin, ticarət maliyyələşdirilməsinin və maliyyə əməliyyatlarının daha sürətli, şəffaf və aşağı xərclə həyata keçirilməsinə şərait yaradır. Süni intellekt əsaslı həllər isə kreditləşmə, risklərin idarə olunması, maliyyə inklüzivliyi və fərdiləşdirilmiş xidmətlərin inkişafı baxımından bank sektorunun transformasiyasında mühüm rol oynayır.

Eyni zamanda, TDT ölkələrinin ortaq tarixi, mədəni və iqtisadi yaxınlığı islam maliyyəsinin inkişafı üçün əlverişli zəmin yaradır. İslam maliyyə alətlərinin geniş tətbiqi region daxilində yığımların daha effektiv səfərbər edilməsinə, investisiyaların artmasına və dayanıqlı inkişaf layihələrinin maliyyələşdirilməsinə əlavə imkanlar aça bilər.

İİTKM-in icraçı direktoru çıxışının sonunda qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün əsas vəzifə yalnız mövcud bank sisteminin modernləşdirilməsi deyil, həm də rəqəmsal texnologiyalar, innovativ maliyyə alətləri və alternativ maliyyələşdirmə mexanizmləri əsasında yeni regional maliyyə ekosisteminin formalaşdırılmasıdır. Bu istiqamətdə atılacaq addımlar Türk dünyasının iqtisadi çəkisini onun maliyyə gücü ilə daha uyğun səviyyəyə çatdırmağa, regiondaxili kapitalın daha səmərəli hərəkətini təmin etməyə və TDT məkanının qlobal maliyyə arxitekturasında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüsal Qasımlı Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində çıxış edib — Fins.az — Fins.az