
Türkiyə ərazisindən BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
2026-cı ilin aprel ayında Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə Türkiyə ərazisindən 16,659 milyon barel neft nəql olunub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkətinin açıqladığı məlumatlarda bildirilir.
Məlumata əsasən, 2025-ci ilin aprel ayında BTC kəməri ilə Türkiyə üzərindən 18,511 milyon barel neft daşınıb. Beləliklə, cari ilin aprel ayında qeydə alınan göstərici illik müqayisədə 10% azalıb.
2026-cı ilin ilk dörd ayında BTC vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 64,013 milyon barel neft nəql edilib. Ötən ilin eyni dövründə bu göstərici 70,754 milyon barel təşkil edib. Nəticədə, yanvar–aprel aylarında nəql həcmi illik müqayisədə 9,5% azalma göstərib.
Yanvar–aprel ayları üzrə BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin aylıq həcmləri belə olub:
Ay | 2026 (milyon barel) | 2025 (milyon barel) |
|---|---|---|
Yanvar | 16,125 | 17,571 |
Fevral | 14,817 | 16,047 |
Mart | 16,412 | 18,625 |
Aprel | 16,659 | 18,511 |
Qeyd edək ki, 2025-ci ilin yekununda BTC boru kəməri ilə nəql olunan neftin həcmi 206,434 milyon barel olub. Bu göstərici 2024-cü ildə qeydə alınan 224,142 milyon barellə müqayisədə 7,9% azdır.
Hazırda BTC boru kəməri vasitəsilə əsasən Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat dünya bazarlarına çatdırılır. Eyni zamanda, Qazaxıstan və Türkmənistan daxil olmaqla Xəzər regionundan nəql edilən neft, eləcə də SOCAR tərəfindən Azərbaycanda hasil olunan digər həcmlər də bu marşrut vasitəsilə daşınır.
bp-nin son açıqlamasına görə, BTC kəmərinin istismara verildiyi 2006-cı ilin iyun ayından 2026-cı ilin birinci rübünün sonunadək boru kəməri ilə ümumilikdə 4,7 milyard bareldən çox neft və ya təxminən 626 milyon ton yük nəql olunub.
BTC Co.-nun səhmdarları sırasında bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%) yer alır.
Bundan əvvəl bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, BTC boru kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi müəyyən edilmiş qrafik üzrə davam edir.
Onun sözlərinə görə, proses üzrə müqavilə öhdəliklərinin icra müddəti 1 iyul tarixinə qədərdir və işlər plana uyğun aparılır. C.Kristofoli vurğulayıb ki, bu addım bp-nin layihədən çıxışı deyil, mövcud müqavilə öhdəliklərinin icrasıdır. O əlavə edib ki, SOCAR-ın gələcək operator fəaliyyəti üçün geniş hazırlıq işləri görülüb və şirkət boru kəmərini uğurla idarə etmək üçün kifayət qədər təcrübə və imkanlara malikdir.