Trayço Traykov: Bolqarıstan enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu gücləndirir

Trayço Traykov: Bolqarıstan enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu gücləndirir

BİZNES
543

Bolqarıstan Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiqdir.

Fins.az xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclaslarında çıxışı zamanı bildirib.

Nazir vurğulayıb:

"Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizinin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib. Bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut edib. Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik."

Traykov əlavə edib ki, enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir və bu əməkdaşlıq artıq “Yaşıl Enerji Dəhlizləri" təşəbbüslərinə də şamil olunmaqdadır:

"Bolqarıstan “Yaşıl Enerji Dəhlizi" layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir."

Qeyd olunur ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP 56 milyard kubmetr qaz nəql edib. Cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.

İGB Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA S.A.) və TAP AG ilə Komotini bölgəsində, həmçinin Bolqarıstanın qaz nəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib. Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə illik 3 milyard kubmetr qazın Yunanıstan–Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur və bazar marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...