
Transxəzər nəqliyyatında rəqəmsal həllər logistika xərclərini aşağı salır - Yurgis Adomaviçyus
Nəqliyyat proseslərinin rəqəmsallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azalmasına və logistika xərclərinin aşağı düşməsinə imkan yaradır.
Fins.az xəbər verir ki, bu barədə Litva Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurgis Adomaviçyus Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, logistika sektorunda müştərilər üçün əsas amillər daşınma xərcləri və çatdırılma müddətidir. Buna görə də rəqəmsal platformaların inkişafı ilk növbədə vaxta qənaət və proseslərin şəffaflığının artırılmasına yönəlməlidir.
Y.Adomaviçyus qeyd edib ki, Transxəzər marşrutu üzrə daşımalar müxtəlif ölkələrin sərhədlərində fərqli tənzimləmə və prosedur qaydaları ilə müşayiət olunur. Onun fikrincə, inteqrasiya olunmuş rəqəmsal platformalar marşrut üzrə tələblərə dair məlumatların əvvəlcədən əldə edilməsinə və sərhəd keçidlərində yaranan gecikmələrin qarşısının alınmasına şərait yarada bilər.
O vurğulayıb ki, bu gün rəqəmsallaşma artıq təkcə kağız sənədlərin rəqəmsallaşdırılması deyil, eyni zamanda nəqliyyat zəncirinin bütün iştirakçıları arasında məlumat mübadiləsinin sürətləndirilməsi və informasiyanın təsdiqlənməsi üçün əsas vasitəyə çevrilib.
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu Bakıda keçirilən “TransLogistica Caspian 2026” sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı logistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.