
“Tax Free” daxil olmaqla istehlakçılara qaytarılan ƏDV 36 milyon manata yaxınlaşıb
2026-cı ilin yanvar-fevral ayları ərzində Azərbaycanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 35 milyon manata yaxın vəsait qaytarılıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin ilk iki ayında ölkə ərazisində pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konsertləri sahəsində göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi istehlakçılara geri qaytarılıb.
Eyni zamanda, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən təqdim edilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də geri qaytarılan məbləğə daxildir.
Məlumata görə, 2026-cı ilin yanvar-fevral aylarında bu xidmət və mallar üzrə müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılan ƏDV-nin ümumi məbləği 34 milyon 926,2 min manat təşkil edib.
Qeyd olunub ki, həmin dövrdə xarici vətəndaşlar tərəfindən Azərbaycanda fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış “Tax Free” məbləği isə 1 milyon 368,4 min manat olub.
Fuad Mədətov
Fins.az