TAİB 2026–2029 iqtisadi inkişaf prioritetlərini açıqlayıb

TAİB 2026–2029 iqtisadi inkişaf prioritetlərini açıqlayıb

BİZNES
123

Fins.az - Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını vahid platforma altında birləşdirmək məqsədilə 2012-ci ildə yaradılmış Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi 2026–2029-cu illər üzrə növbəti Hesabat-Seçki Ümumi Yığıncağını İstanbul şəhərində keçirib.

2026-cı il aprelin 29-da Paşa Yatırım Bankının Baş İdarəsinin iclas zalında təşkil olunan yığıncaqda Birliyin əvvəlki dövr üzrə fəaliyyəti dəyərləndirilib, eyni zamanda növbəti dövr üçün idarəetmə strukturu formalaşdırılıb.

Tədbir zamanı İdarə Heyətinin fəaliyyəti üzrə hesabat, Təftiş Komissiyasının nəticələri və maliyyə göstəriciləri iştirakçılara təqdim olunaraq təsdiqlənib.

Daha sonra keçirilən seçkilərin nəticələrinə əsasən, 2026–2029-cu illər üzrə TAİB-in yeni İdarə Heyətinin tərkibi müəyyənləşib. İdarə Heyətinə Dr. Asif Kurban, Mikayıl Yusifov, Vüqar Abdullah, vəkil Zenfira Əliyeva və Elşən Quliyev seçiliblər.

Yeni seçilmiş İdarə Heyətinin daxilində aparılan vəzifə bölgüsünə əsasən, Birliyin sədri vəzifəsinə Dr. Asif Kurban seçilib.

Vəzifə bölgüsü belə müəyyən edilib:

  • Sədr — Dr. Asif Kurban

  • Korporativ əlaqələr, media, QHT və dövlət qurumları ilə əlaqələr üzrə sədr müavini — Mikayıl Yusifov

  • Üzvlük məsələləri üzrə sədr müavini — Vüqar Abdullah

  • Hüquq, uyğunluq və Qadın Liderliyi Komissiyasının rəhbəri — Zenfira Əliyeva

  • Rəqəmsallaşma və Biznesin İnkişafı Komissiyasının rəhbəri — Elşən Quliyev

Ümumi Yığıncaqdan sonra çıxış edən yeni sədr Dr. Asif Kurban ona göstərilən etimada görə üzvlərə təşəkkür edib. O bildirib ki, əsas məqsəd Azərbaycan əsilli iş adamlarının ortaq platformasını daha da gücləndirmək, üzvlər arasında həmrəyliyi artırmaq və Birliyin fəaliyyətini daha effektiv səviyyəyə çatdırmaqdır.

Kurban qeyd edib ki, üzvlərin bazar imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, kommersiya fəaliyyətinin inkişafı və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması əsas prioritetlər sırasındadır.

O həmçinin vurğulayıb ki, TAİB yalnız iqtisadi deyil, həm də strateji və mədəni missiya daşıyır və Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına töhfə verməyə davam edəcək.

“Güclü iqtisadiyyat güclü dövlət deməkdir. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik”, — deyə Dr. Asif Kurban bildirib.

Tural Group şirkətinin təsisçisi və rəhbəri olan Dr. Asif Kurban beynəlxalq ticarət sahəsində fəaliyyət göstərir. O, təhsilini İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində bakalavr və magistr pillələri üzrə tamamlayıb, 2007-ci ildə isə iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.

Dr. Asif Kurban həmçinin Azərbaycan İş Adamları Konfederasiyasının (ASK) Türkiyə nümayəndəliyinin rəhbəri vəzifəsini icra edir. Uzun illərdir müxtəlif qeyri-hökumət təşkilatlarında fəal iştirak edən Kurban Türkiyə–Azərbaycan iqtisadi və diaspor əlaqələrinin inkişafında fəal fiqur kimi tanınır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TAİB 2026–2029 iqtisadi inkişaf prioritetlərini açıqlayıb — Fins.az — Fins.az