Şuşada yeni yaşayış və turizm layihələri icra olunur

Şuşada yeni yaşayış və turizm layihələri icra olunur

BİZNES
279

Şuşa şəhərində bu günə qədər 1 411 nəfər keçmiş məcburi köçkün – şuşalılar məskunlaşıb və yaşayış prosesinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.

Aydın Kərimov bildirib ki, Şuşada yaşayış binalarının tikintisi paralel şəkildə davam edir və gələn il daha geniş miqyaslı köç prosesinin həyata keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, bu il Şuşa rayonunun bərpa və təmir işləri yekunlaşmaq üzrə olan iki kəndinə – Böyük Qaladərəsi və Kiçik Qaladərəsinə də xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur.

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsinin yeni layihəsi hazırlanır. Qəsəbə sıfırdan inşa ediləcək və tikinti işlərinə bu il başlanması planlaşdırılır. Gələn il isə həmin əraziyə də köç prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Daşaltı turizm kəndində inşaat işlərinə bu yay start veriləcək. Layihə özəl investisiyalar hesabına icra olunacaq və burada müasir turizm kəndinin yaradılması planlaşdırılır.

Qeyd olunub ki, ərazidə “Kətirli şəlaləsi” kimi tanınan məkana aparan piyada turizm marşrutu da artıq istifadəyə hazırdır və ziyarətçilər bu istiqamətdən istifadə edə bilirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şuşada yeni yaşayış və turizm layihələri icra olunur — Fins.az — Fins.az