
SOCAR-ın Türkiyədəki limanında 50% payın satışı təsdiqlənib: strateji aktivə beynəlxalq tərəfdaş daxil olur
Türkiyənin antiinhisar tənzimləyicisinin SOCAR-a məxsus “Socar Aliağa Liman İşletmeciliği A.Ş.” şirkətinin 50% səhminin satışı üzrə sazişi təsdiqlədiyi açıqlanıb.
Fins.az xəbər verir ki, səhm paketi SOCAR-ın Türkiyədəki törəməsi olan “Socar Turkey Enerji A.Ş.” tərəfindən dünyanın ən böyük kruiz daşımaları operatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru “Terminal Investment Limited Sarl”a satılıb.
Qeyd olunub ki, sövdələşmə ilə bağlı daha əvvəl Avropa Komissiyası da qərar qəbul edib və Aİ-nin birləşmələr haqqında reqlamentinə uyğun olaraq “SOCAR Aliağa Liman İşletmeciliği A.Ş.” üzərində birgə nəzarətin “Socar Turkey Enerji A.Ş.” və “Terminal Investment Switzerland Sàrl” tərəfindən həyata keçirilməsini təsdiqləyib.
Məlumata görə, Egey regionunun ən böyük konteyner limanı hesab olunan “SOCAR Terminal” 700 metr uzunluğunda fasiləsiz körpüyə, 16 metr dərinliyə, 420 min kvadratmetr liman sahəsinə və 30 min kvadratmetrlik arxa zonaya malikdir.
Bildirilib ki, terminal yeni nəsil ULCS sinifli gəmiləri qəbul etmək imkanına sahibdir və eyni vaxtda bir neçə iri gəmini operativ şəkildə xidmətlə təmin etməklə gözləmə müddətini minimuma endirir.
Qeyd edilib ki, “Gələcəyin limanı” konsepsiyası əsasında fəaliyyət göstərən terminal əməyin mühafizəsi və təhlükəsizlik üzrə yüksək standartlar tətbiq edir, rəqəmsallaşma və texnoloji yeniliklərə yatırımlar hesabına lider mövqeyini qoruyur.
Eyni zamanda bildirilib ki, terminal karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına yönəlmiş dayanıqlı biznes modelini tətbiq edir.