
SOCAR-ın transformasiyası iqtisadi inkişafın yeni modelini göstərir - Elnur Soltanov
Qlobal iqtisadi şərtlərin dəyişməsi və ənənəvi artım drayverlərinin transformasiyası fonunda Azərbaycanda iqtisadi inkişafın yeni mərhələyə keçidi müşahidə olunur.
Fins.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə artıq keyfiyyətcə yeni iqtisadi mərhələyə daxil olur. Bu mərhələdə əvvəlki dövrlərdə iqtisadi artımı təmin edən amillərin təsiri azalır, lakin insan kapitalı, tələb strukturu və işgüzar əlaqələr yeni inkişaf modelinin əsas bazasını formalaşdırır.
Elnur Soltanov qeyd edib ki, iqtisadi şaxələndirmə özlüyündə məqsəd kimi deyil, dayanıqlı iqtisadi artımın təmin olunması kontekstində qiymətləndirilməlidir. Onun sözlərinə görə, əsas prioritet iqtisadi inkişaf və davamlı artımdır, şaxələndirmə isə bu məqsədə xidmət edən vasitədir.
Nazir müavini bildirib ki, şaxələndirmə prosesinə balanslı yanaşma vacibdir, çünki bəzi hallarda bu, iqtisadi baxımdan səmərəsiz sahələrin süni şəkildə dəstəklənməsinə səbəb ola bilər.
O əlavə edib ki, 2020–2025-ci illər ərzində Azərbaycanda neft hasilatının sabitləşməsi, qaz hasilatında isə artım müşahidə olunub. Bununla belə, gələcək illərdə bu sahədə eyni sürətli artım templərinin davam edəcəyi gözlənilmir.
Çıxışında SOCAR-ın fəaliyyətinə də toxunan Elnur Soltanov şirkətin transformasiya prosesini xüsusi qeyd edib. O bildirib ki, SOCAR artıq təkcə neft və qaz hasilatı ilə deyil, həm də beynəlxalq bazarlarda fəaliyyətin genişləndirilməsi və kompetensiyaların ixracı ilə məşğuldur.
SOCAR-ın Gürcüstan, Türkiyə və Avropa, xüsusilə İtaliya bazarlarında aktiv fəaliyyət göstərdiyini vurğulayan nazir müavini qeyd edib ki, bu proses Azərbaycanın iqtisadi inkişaf modelinin dəyişməsinin mühüm göstəricilərindən biridir.