SOCAR süni intellekt və yaşıl enerji yatırımlarını artırır

SOCAR süni intellekt və yaşıl enerji yatırımlarını artırır

BİZNES
174

Fins.az – SOCAR fəaliyyətini məlumatlara və süni intellektə əsaslanan inteqrasiya olunmuş enerji şirkətinə çevirmək istiqamətində transformasiya prosesini davam etdirir.

Bunu ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimində SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva bildirib.

Onun sözlərinə görə, SOCAR artıq yalnız neft şirkəti kimi fəaliyyət göstərmir:

"Biz fəaliyyətini məlumatlara və süni intellektə əsaslandıran inteqrasiya olunmuş, şaxələndirilmiş enerji şirkətinə transformasiya olunuruq. Şirkət neft-qaz sənayesinin bütün ənənəvi istiqamətlərində – kəşfiyyat və hasilat, nəqliyyat, emal və treydinq sahələrində fəaliyyətini davam etdirməklə yanaşı, enerji keçidi istiqamətində də fəaliyyətini genişləndirir. SOCAR artıq bir neçə ildir günəş və külək enerjisi layihələrini həyata keçirir, regional səviyyədə fəaliyyətini daha da genişləndirmək imkanlarını nəzərdən keçirir, həmçinin yaşıl energetikanın digər istiqamətlərini araşdırır."

Vitse-prezident qeyd edib ki, 2026-cı ildə SOCAR Dünya İqtisadi Forumunun "Lighthouse Award" mükafatına layiq görülüb:

"Bu mükafat Azərbaycanın Karbamid Zavodunda rəqəmsal texnologiyaların, avtomatlaşdırma sistemlərinin və süni intellekt əsaslı həllərin tətbiqinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Əldə etdiyimiz təcrübə artıq qlobal səviyyədə qəbul olunub və digər ölkələrdə də tətbiq edilə bilər."

Z.Mustafayeva bildirib ki, bu il SOCAR İtaliyada Italiana Petroli şirkətinin yanacaq pərakəndə satışı biznesini və neft emalı aktivlərini satın alıb ki, bu da şirkətin tarixində ən iri beynəlxalq əməliyyatlardan biri hesab olunur.

O, həmçinin qeyd edib ki, bu il Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin istismara verilməsinin 20 illiyi tamam olur və yaxın zamanda kəmərin operator funksiyaları bp-dən SOCAR-a təhvil verilib:

"Bu isə o deməkdir ki, biz belə iri infrastrukturun idarə olunması üçün yerli ekspertiza formalaşdırmışıq və bu təcrübəni digər ölkələrlə bölüşməyə hazırıq."

Sonda Ziba Mustafayeva SOCAR-ın ADA Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və universitetin birgə təhsil proqramları çərçivəsində şirkət üçün rəhbər və menecerlərin hazırlanmasına verdiyi töhfəni xüsusi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR süni intellekt və yaşıl enerji yatırımlarını artırır — Fins.az — Fins.az