
SOCAR STAR zavodunda qaz detektorları üzrə texniki xidmət Almaniya şirkətinə həvalə edilib
Almaniyanın “Dräger” şirkəti “SOCAR Türkiye” ilə beş il müddətinə strateji saziş imzalayıb.
Fins.az “Dräger” şirkətinə istinadən xəbər verir ki, müqavilə “SOCAR Türkiye” strukturuna daxil olan “STAR” Neft Emalı Zavodu ərazisində stasionar qaz detektorlarının texniki xidməti və dəyişdirilməsini nəzərdə tutur.
Sənəd “Petkim” şirkətinin baş direktoru və “SOCAR Türkiye”nin neft emalı və neft-kimya biznes istiqamətinin rəhbəri Kənan Mirzəyev, həmçinin “Dräger Türkiye” şirkətinin baş direktoru Zafer Kaşıkara tərəfindən imzalanıb.
Şirkətlərin məlumatına görə, bu əməkdaşlıq istehsalat sahələrində dayanıqlı sənaye təhlükəsizliyinin təmin edilməsi, əməliyyat səmərəliliyinin artırılması və uzunmüddətli tərəfdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.
“Dräger” şirkəti “Həyat üçün texnologiyalar” missiyasına sadiq qalaraq sənaye müəssisələrində təhlükəsizlik səviyyəsinin artırılması üçün texnoloji həllərin tətbiqini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında istismara verilmiş “STAR” Neft Emalı Zavodu neft emalı ilə neft-kimya istehsalatını birləşdirir və Türkiyənin real sektorunda ən iri investisiya layihələrindən biri hesab olunur.