
SOCAR-ın STAR neft emalı zavodunda reaktiv yanacaq və nafta istehsalı artıb
2026-cı ilin mart ayında SOCAR-ın Türkiyədə yerləşən STAR neft emalı zavodunun istehsal strukturunda dəyişiklik qeydə alınıb. Dizel yanacağı istehsalının illik ifadədə azalması fonunda reaktiv yanacaq, nafta və mayeləşdirilmiş karbohidrogen qazı (LPG/MKQ) istehsalında artım müşahidə olunub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən bildirilib.
Məlumata əsasən, 2026-cı ilin mart ayında STAR NEZ-də dizel yanacağı istehsalı 539 299 ton təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 586 999 tonla müqayisədə 8,1% azalma deməkdir.
Bioəlavəli dizel istehsalı da azalaraq 10 952 tondan 8 301 tona düşüb ki, bu da 24,2% azalma ilə nəticələnib. Bununla yanaşı, reaktiv yanacaq istehsalı kəskin artaraq 184 598 tona çatıb. Bu göstərici ötən ilin eyni ayındakı 116 979 tonla müqayisədə 57,8% artım deməkdir.
Hesabat dövründə vakuum qazoylu istehsalı 11 433 tondan 227 tona enib. MKQ istehsalı isə 21 200 tondan 30 048 tona yüksələrək 41,7% artım göstərib. Nafta istehsalı 129 626 tondan 145 560 tona çatıb ki, bu da 12,3% artım deməkdir.
Eyni zamanda neft koksu istehsalı da 65 247 tondan 71 071 tona yüksələrək 8,9% artıb.
EPDK-nın məlumatına görə, hesabat dövründə zavod digər neft məhsullarının istehsalını da davam etdirib. Qeyd edək ki, 2018-ci ilin oktyabrında istismara verilən STAR NEZ neft emalı və neft-kimya sahələrini inteqrasiya edir və Türkiyənin ən böyük sənaye investisiya layihələrindən biri hesab olunur.