SOCAR-ın reytinqi sabit proqnozla təsdiqlənib - Moody's

SOCAR-ın reytinqi sabit proqnozla təsdiqlənib - Moody's

BİZNES
338

Fins.az – Beynəlxalq reytinq agentliyi "Moody's Ratings" Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) üzrə reytinqləri, o cümlədən uzunmüddətli emitent reytinqini sabit proqnozla Baa3 səviyyəsində təsdiqləyib.

Agentliyin hesabatında bildirilib ki, SOCAR-ın reytinqi şirkətin ba2 səviyyəsində baza kredit qiymətləndirməsini, Azərbaycan hökumətinin Baa3 reytinqini, SOCAR ilə dövlət arasında çox yüksək asılılığın mövcudluğunu, eləcə də maliyyə çətinlikləri yarandığı halda dövlət dəstəyinin göstərilməsi ehtimalının yüksək olmasını əks etdirir.

"Moody's"in qiymətləndirməsinə əsasən, SOCAR-ın baza kredit qiymətləndirməsi şirkətin Azərbaycanın neft-qaz sektorundakı mühüm mövqeyini və milli iqtisadiyyat üçün strateji əhəmiyyətini, sabit maliyyə nəticələrini, güclü kredit göstəricilərini, həmçinin əhəmiyyətli maliyyə ehtiyatlarına malik olan və zərurət yarandıqda şirkətə maliyyə dəstəyi göstərə bilən hökumətlə sıx əlaqələrini əks etdirir.

Bununla yanaşı, agentlik SOCAR-ın kredit profilini məhdudlaşdıran amilləri də qeyd edib. Hesabatda karbohidrogen hasilatının həcminin azalması, birləşmə və satınalmalar sahəsində artan fəallıq, korporativ idarəetmənin xüsusiyyətləri, neft qiymətlərindəki dəyişkənlik və şirkətin biznes fəaliyyətinin əsasən Azərbaycanda cəmləşməsi bu amillər sırasında göstərilib.

"Moody's" qeyd edib ki, reytinq üzrə sabit proqnoz SOCAR ilə dövlət arasında möhkəm əlaqələrin qorunub saxlanılacağına, eləcə də şirkətin orta müddətli perspektivdə dayanıqlı maliyyə göstəricilərini təmin etmək qabiliyyətinə dair gözləntiləri əks etdirir.

Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, həmçinin Azərbaycanda sənaye müəssisələrinin və əhalinin, eləcə də Avropanın təbii qazla təmin olunması istiqamətində fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR-ın reytinqi sabit proqnozla təsdiqlənib - Moody's — Fins.az — Fins.az