
SOCAR qlobal enerji və texnologiya şirkətinə çevrilir - Rövşən Nəcəf
SOCAR neft-qaz şirkətindən qlobal enerji və texnologiya şirkətinə çevrilir.
Fins.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, enerji sektorunda fəaliyyət göstərən şirkətlər ənənəvi neft-qaz biznes modelindən daha geniş fəaliyyət sahələrinə keçid edir və bu transformasiya gələcək inkişafın əsas istiqamətlərindən birinə çevrilib.
R.Nəcəf bildirib ki, əvvəlki mərhələdə şirkətlər əsasən neft-qaz aktivləri ilə xarakterizə olunurdusa, hazırda onlar enerji şirkətlərinə çevrilərək müxtəlif enerji məhsulları üzrə fəaliyyətlərini genişləndirirlər.
Onun sözlərinə görə, növbəti inkişaf mərhələsi süni intellekt və məlumat mərkəzləri sahəsinə inteqrasiya ilə bağlıdır. SOCAR bu istiqamətdə uzunmüddətli və dayanıqlı inkişafı təmin etmək üçün investisiyalar həyata keçirir. O, həmçinin Azərbaycanda məlumat mərkəzi və süni intellekt mərkəzinin yaradılması ilə bağlı imzalanan yeni müqaviləni xatırladıb.
SOCAR prezidenti qeyd edib ki, şirkətin fəaliyyəti artıq yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da genişlənir və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar onun qlobal oyunçuya çevrilməsinə imkan yaradır.
R.Nəcəf əlavə edib ki, bu transformasiya SOCAR-ın insan kapitalı siyasətinə də təsir göstərir və şirkətdə xarici mütəxəssislərin payı artır, beynəlxalq təcrübəyə malik kadrlar rəhbər vəzifələrə cəlb olunur.